Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər. Yeni sistemə 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.
Dövlət zəmanəti hansı sahibkarlıq subyektlərinə verilir?
Dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.
Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri hansılardır?
Bu fəaliyyət növləri aşağıdakılardır:
– İctimai iaşə fəaliyyəti;
– İstehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna);
– İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
– Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla);
– Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
– Turoperator və turagent fəaliyyəti;
– Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri;
– Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;
– Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;
– Özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları)
– Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti;
– Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
– Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri.
Pandemiyada zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara təqdim edilən dəstək mexanizmləri hansılardır?
- Yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması;
- 10 mart 2020-ci il tarixinə dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir hissəsinin subsidiyalaşdırılması;
Yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması mexanizmi çərçivəsində ümumi kredit portfeli 500.000 milyon manatdır. Mexanizm Elektron Kredit Platforması vasitəsilə icra olunur. Dövlət zəmanətli kreditin şərtləri: Kreditin məbləği 3 000 000 manatadək; illik faiz dərəcəsi 15%-dək; müddət 3 ilədək; güzəşt müddəti 12 ayadək; dövlət zəmanətli kreditlərin 60%-dək hissəsinə verilir; subsidiya kreditlərin illik faiz dərəcəsinin 50%-i həddində verilir (yəni müştəri 15%-lik kreditin yalnız 7.5% ödəyəcək, digər hissə dövlət tərəfindən ödəniləcək).
10 mart 2020-ci il tarixinə dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir hissəsinin subsidiyalaşdırılması – Bu mexanizm çərçivəsində ümumi kredit portfeli 1 milyard manatdır. Faiz subsidiyası 10.03.2020-ci il tarixinə qalıq məbləği 5 mln manat və ondan az olan kreditlərə, faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, 01.03.2020-ci il tarixindən 12 aydan çox olmayan müddətə verilir.
Dövlət zəmanəti verilən kreditləri əldə etmək üçün necə müraciət etmək olar?
Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.
Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə hansı müddət ərzində baxılır?
Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200.000 manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılır. Dövlət zəmanəti Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir.
Dövlət zəmanəti verilən kreditin maksimal məbləği, illik faiz dərəcəsi nə qədərdir?
Dövlət zəmanəti verilən kreditin maksimal məbləği 3.000.000 manat təşkil edir. Hər bir sahibkarlıq subyekti dövlət zəmanəti verilmiş kreditin cəmi məbləği 3.000.000 manatdan çox olmamaq şərti ilə bir neçə kredit əldə edə bilər. Dövlət zəmanəti verilən kreditin illik faiz dərəcəsi 15%-dən, kreditin müddəti 3 ildən çox olmamalıdır.
Sahibkarlıq subyekti tərəfindən alınan kreditin hansı hissəsinə zəmanət verilir?
Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.
Məsələn; müvəkkil kredit təşkilatı 1.000.000 manat məbləğində kredit verirsə, kreditin 600 000 manatlıq hissəsinədək (1.000.000 manat X 60%) dövlət zəmanəti verilə bilər
Kredit ödənişləri üzrə gecikməsi olan sahibkarlıq subyektləri bu mexanizmdən yararlana bilərmi?
10 mart 2020-ci il tarixinə 60 günədək gecikməsi olan sahibkarlıq subyektləri də bu mexanizmdən yararlana bilərlər.
Kredit-zəmanət mexanizmi üzrə ənənəvi kredit verəcək kredit təşkilatlarının siyahısını təqdim edirik: “AccessBank”, “AFB Bank”,“Aqrarkredit”, Azər Türk-Bank”,“Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Bank of Baku”, “Bank Respublika”, “Bank VTB Azərbaycan”, “BTB Bank”, “ExpressBank”, “Xalq” Bank”, “Kapital Bank” , “PaşaBank”, “Premium Bank”, “RabitəBank”, “UniBank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “Ziraat Bank Azərbaycan”