Azərbaycanda “PepsiCO” şirkətinin törəməsi olan “PepsiCO Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, şirkətin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta törədildiyi iddia edilir. Məsələyə məhkəmədə baxılacaq.
PepsiCO Azərbaycan – 2015-ci ildə təsis edilib, 2.8 mln. manat nizamnamə kapitalına sahibdir. 2017-ci ildən etibarən “Pepsi” məhsulları Qəbələdə yerləşən Gilan Konserv Zavodunda “PepsiCo” şirkətinin lisenziyası əsasında Aqua-Minerale suları, Drive Me enerji içkisi, Mirinda qazlı içkilər ailəsi istehsal olunur. Xüsusən Pepsi Light, Pepsi Twist, Pepsi Max, Pepsi Cherry, Pepsi Regular məhsullar bura daxildir.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.