“Biznes” sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə məşğul olan insanlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Əsasən ingilis dilli ölkələrdə sözügedən fəaliyyət növü “biznes”, bu fəaliyyətlə məşğul olan insanlar isə “biznesmen” adlandırıldığı halda, digər ölkələrdə, o cümlədən MDB məkanında müvafiq olaraq “sahibkarlıq” və “sahibkar” adlandırılır.
Gənc sahibkar, şəxsi inkişaf və biznes təlimçisi Elvin Dadaşsoy koronavirus (COVID-19) pandemiyası səbəbindən biznes və iqtisadi fəaliyyət sahələrinin zərərçəkmə ehtimalını minimuma endirmək, yaranmış vəziyyətin sahibkarların biznes mühitinə mənfi təsirinin azaldılması yolları ilə bağlı mənbənin suallarını cavablandırıb.
– İş adamları pandemiyanın biznesin inkişafına təsirini minimuma endirmək üçün nə etməlidirlər?
– Pandemiya bizneslərin dözümlülük yarışmasıdır. Əksər bizneslərdə müştəri azalır, nağd pul tükənir, işçilər qeyri-stabil və depressiv əhvala girirlər. Bu dövrlərdə biznes rəhbərləri 3 məqama diqqət yetirməlidirlər.
Bacardıqları qədər nağd pul kütləsi saxlaya bilmək. Pandemiya dövründə reklam və marketinq xərcləri istisna olmaqla (bu xərclər çox vaxt bizi rəqiblərdən 1 addım qabağa salır) digər xərcləri azaltmağa çalışmaq. Hətta əməkhaqlarını da azaltmağı təklif edirəm. Buna əsas verən amil, işçilərin xərclərinin nisbətən azalmasıdır. Artıq onların çoxu fiziki olaraq işə getmir, restoranlara və nəqliyyata az pul xərcləyirlər.
İşçilərlə daha sıx əlaqə saxlamaq və liderlik bacarıqlarını ortaya qoyaraq onları şirkətə daha çox bağlamaq. Nəzərə alsaq ki, işçilərin əksəriyyəti narahat və qeyri-stabil əhvaldadırlar, onlarla əlaqə daha da intensiv və anlayışlı olmalıdır. Komandanın üzvləri çətin dövrləri birgə keçirə biləcəklərinə əmin olmalıdırlar.
Müştərilərlə daha çox doğmalıq yaratmaq və onlarda loyallıq yaratmağın üstündə işləmək. Müştərilərlə kommunikasiyada belə “çətin dövrləri birgə adlayacağıq” hissi yaradılmalıdır.
– Biznesə yeni başlamaq istəyənlər bu dövrdə səbir edib gözləməlidirlər, yoxsa hansısa yollardan istifadə edərək uğurlu addımlar ata bilərlərmi?
– Pandemiya dövründə bir çox bizneslər öz həcmini kiçildəcək və ya ümumiyyətlə bağlanacaq. Buna dünyanın məhəng brendləri də aiddir. “Victoria Secret”, “Inditex Group” (“Zara”, “Massimo Dutti”) kimi şirkətlər satışların azalmasından əziyyət çəkir və nəticədə öz mağazalarını bağlayır. Bu dövrdə dözümlülük və ağıllı manevr edən şirkətlər udur. Bu, həmçinin yeni biznes quranlara da aiddir.
Əgər ortaya qoyulan biznes həlli pandemiya dövrünün tələbatlarına uyğundursa, bu ağıllı addımdır. Əks biznesləri açmağın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi budur ki, əgər biznes açılıbsa və pandemiya dövründə marketinq və reklam tədbirləri görülürsə, pandemiyadan sonra daha çox müştəri kütləsi əldə edilmiş olacaq.
Mənfi tərəfi isə budur ki, pandemiya dövründə insanlar xərclərini azaldırlar. Bu da bütün bizneslərin satışını aşağı salır. Yeni açılan biznes pandemik dövr üçün çox az satışla davam edir. Nəticədə nağd pul kütləsi azalır. Nağd pul isə bizneslərin “qan-damar” sistemidir.
– Biznes marafonunda sürət lazımdır, yoxsa dözümlülük?
– Bunlar “ya bu, ya o” yanaşması deyil. Burada “həm bu, həm o” yanaşması olmalıdır. Bizneslər iki addım qabağa, bir addım geriyə prinsipi ilə hərəkət etməlidir. Böyümək, sürətli olmaq və səbirlə möhkəmlənmək, kökləri dərinə salmaq. Sonra yenə böyümək, sürətlənmək, daha sonra dayanmaq və kökləri dərinləşdirmək lazımdır. Bunlar paralel addımlamalıdır.
– Bəs karyera marafonu üçün nə məsləhət görə bilərsiniz?
– Pandemiya dövründə bir çox şirkətlərdə ixtisarlar gedə bilər. Postları önəmli olan vakansiyalar isə daha dayanaqlıdır. İşçilər bu dövrlərdə oxşar sahədən olan rəhbərlər və mütəxəssislərlə dostuq əlaqələri qura, məsləhətlər ala bilərlər. Digər addım, boş vaxtlardan istifadə edib öz bilik və bacarıqlarını inkişaf etdirməlidirlər.
– Şəxsi büdcənin nizamlı idarə edilməsi üçün hansı addımlar atılmalıdır?
– Əvvəla şəxsi büdcə müxtəlif “ciblər”ə qoyulmalıdır. Məsələn, kiçik bir qisim kənara atılmalı, banka və ya biznesə yatırılmalıdır. Başqa bir kiçik qisim təhsilə ayrılmalıdır (məsələn, kitab almaq, kurslara getmək və sair). Bir qismi isə hər ay özün-özünə mükafat kimi təyin etməlisən. Böyük bir hissə isə xərcləri örtməlidir.
Deyə bilərsiniz ki, maaş yalnız xərclərimi qarşılaya bilirsə nə edim bəs? Təhsil, kənara yatırım və özünə mükafat üçün pul qalmırsa nə edim? Əgər maaşınız işdəki fəaliyyətinizdən dolayı rəhbərlik tərəfindən 20 faiz azaldılsa nə edəcəksiniz? Pulu əvvəldə qeyd etdiyim kimi ayıra bilmək güclü iradə məsələsidir.