“Samsung” istifadəçilərə şəxsi sənədləri asanlıqla idarə etməyə kömək edən, o cümlədən identifikasiya və autentifikasiyanı təmin edən texnologiya təqdim edib.
Verilən məlumata görə, bu texnologiya ilk olaraq Galaxy S20 smartfonlarına yeridiləcək və Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BIS), Bundesdruckerei (bdr) və Deutsche Telekom Security GmbH ilə birlikdə test ediləcək. Qeyd etmək lazımdır ki, “Samsung” smartfonları Almaniya hökumətinin tələblərinə və Avropa Birliyinin ciddi təhlükəsizlik standartlarına cavab verən ilk cihazlardır.
Rəqəmsal identifikasiya
2020-ci ilin sonunda Galaxy 20 istifadəçiləri şəxsiyyəti təsdiq edən sənədləri mobil cihazlarda saxlamaq imkanı əldə edəcəklər. Bu çözüm həmçinin rəsəmsal şəxsiyyət vəsiqələrinin verilməsi prosesini də asanlaşdıracaq.
İstifadəçilər smartfon vasitəsilə eID elektron kartının yaradılması üçün səlahiyyətli orqanlara müraciət göndərə biləcəklər. Onun yaradılmasına cavabdeh olan təşkilat tələbi təsdiqlədikdən sonra eID avtomatik olaraq mobil cihazın yaddaşında saxlanacaq.
Bu şifrləmə sistemi qeydiyyatdan keçmə prosesini həm sadə, həm də təhlükəsiz edir. Belə ki, istifadəçinin personal məlumatlarına çıxış yalnız indentifikator verən şirkət üçün əlçatan olur.
Universal rəqəmsal seyf
İstifadəçi məlumatlarının qorunmasını təmin etmək üçün “Samsung” şirkəti beynəlxalq standartlara cavab verən eSE (quraşdırılmış təhlükəsizlik elementi) yaradıb.
eSE – rəqəmsal seyf qismində çıxış edən, eID üçün nəzərdə tutulan avadanlıqdır. Bu çip elə qurulub ki, təcavüzkarların smartfona fiziki girişi olsa belə, eID məlumatlarının oğurlanması mümkün olmasın.
Xatırladaq ki, Galaxy S20 cihazları CC EAL 6+ təhlükəsizlik sertifikatını alıblar (Common Criteria Evaluation 6+). Gələcəkdə Avropa İttifaqının digər ölkələri vətəndaşların elektron identifikasiyası sistemindən istifadə etməsi gözlənilir.