13 C
Baku
Saturday, November 23, 2024

MBA proqramının seçimi və diqqət yetirməli olduğunuz nüanslar

MBA proqramını seçmək kifayət qədər çətindir və çox vaxt böyük həcmli məlumatların təhlilini tələb edir. Əslində, həmkarların və ya dostların rəyinə güvənərək bu səylərdən qaçınmaq olar, lakin bu yol doğru sayıla bilməz. Belə ki, həyatda böyük seçimləri (biznes təhsil isə ciddi seçimdir!) özümüz etsək, daha mükəmməl nəticə əldə etmiş olarıq. Alqoritm aşağıdakı kimidir:

  1. Biznes təhsil almaqda əsas məqsədiniz nədir (menecment, marketinq, maliyyə və MBA-nın digər ixtisasları)?
  2. Potensial biznes məktəblərlə tanış olun
  3. Seçdiyiniz biznes məktəblər haqqında tapdığınız informasiyanı təhlil edin:

Proqramın məzmunu

Proqramın məzmunu əsas parametr hesab olunur. Əlbəttə ki, təcrübəsiz insan üçün bu və ya digər proqramın müsbət və mənfi cəhətlərini axtarıb tapmaq çətindir. Yaxşı olar ki, seçdiyiniz biznes məktəbin tədris planını yükləyib onunla tanış olasınız. Əgər başa düşmədiyiniz suallar varsa, məktəbə zəng edin və direktor ilə danışın.

Bu mərhələdə şəxsi kabinetə demo-giriş əldə etməyiniz məqsədəuyğun olar. Bu halda şəxsi görüşə daha hazırlıqlı olacaqsınız.

Proqramın/biznes məktəbin akkreditasiyası

Qiymətləndirmə zamanı ən önəmli kriteriyalardan biri də akkreditasiyanın olub-olmamasıdır. Əgər MBA proqramı keyfiyyətlidirsə və tədris prosesi yüksək səviyyədə təşkil olunubsa, həmin biznes məktəbə akkreditasiya verilir.

Ümumilikdə üç dənə beynəlxalq akkreditasiya assosiasiyası var: AMBA, AACSB, EFMD. Biznes məktəbin sizə təqdim etdiyi digər sənədlər (onların növləri olduqca çoxdur) sizi cəlb etməməlidir.

Məzunların rəyləri

Təhsil almaq istədiyiniz biznes məktəbin məzunlarını da etibarlı informasiya mənbəyi saymaq olar. Bu halda tələbələr aşağıdakı nüanslara rəy bildirirlər:

– proqramın məzmunu;

– professor-müəllim heyəti;

– nəzəri biliklərin praktiki tətbiqi;

– tədrisin aktiv formalarından istifadə dərəcəsi (oyunlar, biznes stimulyasiya və s.);

– onlayn-dəstəyin səviyyəsi;

– əsas çətinliklər.

Biznes məktəblərin reytinqi

Beynəlxalq reytinqlər sizə arzuladığınız biznes məktəbi seçməkdə kömək edə bilər. Çalışın yalnız etibarlı mənbələrdən istifadə edəsiniz.

Müəllimlər

Şübhəsiz ki, seçim etdiyiniz müddətdə ən mürəkkəb suallara belə cavab verməyi bacaran müxtəlif biznes təlimçilərinin videolarını izləmisiniz. Unutmayın ki, heç bir “şou” olmayacaq və siz qısa zamanda uğur qazanmağın reseptini əldə etməyəcəksiniz. Düzdür, müəllimlər dərs materialının daha keyfiyyətli mənimsənilməsi üçün çox çalışırlar. Lakin heç kim sizi məcbur etməyəcək, hər şey sizin öz məsuliyyətinizə buraxılır.

Əgər məktəb sizə dünyaca tanınmış müəllimləri təqdim edirsə, konkret olaraq kimdə dərs keçəcəyinzi dəqiqləşdirin. Yüksək ixtisaslı mütəxəssislərin konfranslarda, seminarlarda və dərslərdə parlaq nitqləri, maraqlı vebinarlar – bütün bunlar məktəbi populyarlaşdıran amillərdir. Lakin həmin mütəxəssislərin tədrislərdə iştirak edib-etməməsi hələ sual altındadır.

Məzunların sayı

Məzunların sayı önəmli kriteriyalardan biri sayılır, çünki məktəbin populyarlıq dərəcəsini göstərir (proqramların keyfiyyəti, tədris prosesinin təşkili, müəllimlərin seçiminə yanaşma və s.). Bütün bunlarla yanaşı, məzunların sayı məktəbin qrupun keyfiyyətli tərkibini təmin edib-etməməsinin göstəricisidir.

Tövsiyələr

Biz həmkarının və ya dostunun tövsiyəsi ilə biznes məktəbə qəbul olan bir idarəçi təsəvvür edə bilmirik. Bu çox fərdi bir məsələdir – kiminsə xoşuna gələn proqram, sizin xoşunuza gəlməyə bilər. Buna görə tövsiyyələr təəssüf ki, həqiqətə zəmanət vermir. Çalışın özünüz araşdırma aparasınız və topladığınız məlumatlar əsasında seçim edəsiniz.

  1. Seçdiyiniz biznes məktəbə baş çəkin

Məktəbin divarlarında çərçivəyə salınmış diplomlar və sertifikatlara deyil, daha önəmli nüanslara diqqət yetirməyiniz lazımdır. Bu və ya digər biznes məktəbdə təhsil almaq istədiyinizi anlamağa kömək edəcək suallar:

– tədris planı özündə nələri birləşdirir (tanış olmaq)?

– məktəbin onlayn dəstəyi necə qurulub?

– şəxsi kabinetə demo-keçid əldə etmək mümkündür?

– əyani və auditoriyadan kənar dərslərin sayı, onların bir-birinə inteqrasiyası?

– formalaşan qrupun tərkibi (müraciət göndərənlərin siyahısına baxmaq)?

– tərəfdaş şirkətlər və xaricdə təcrübə (siyahı, əlavə xərclər, qəbul edən ölkə)?

– attestasiya layihəsi nələrdən ibarətdir (nümunəyə baxmaq)?

Diqqət! Bu kimi sualları vermək mənasızdır:

– diplomunuz digər ölkələrdə tanınır?

– biznes məktəb işə düzəlməyə kömək edir?

– təhsili başa vurduqdan sonra daha yüksək vəzifəyə təyin olunmaq şansım var?

Qeyd edək ki, biznes məktəblərin çoxunda tələbələrə qəbul imtahanından keçmək və motivasiya məktubunu yazmaq təklif olunur. Bu, böyük əhəmiyyət kəsb etmir, çünki sizin bilik səviyyənizi yoxlayan şəxs özü yüksək ixtisaslı mütəxəssis olmalıdır.

  1. Yekun seçim

Bəlkə bir deyil, bir neçə biznes məktəbə getməli olacaqsınız. Əgər əldə etdiyiniz informasiya və təqdim olunan təhsil səviyyəsi sizi qane edirsə, seçiminizi edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər