22 C
Baku
Friday, September 27, 2024

Problemli kreditlərin artması bank sistemi üçün yeni problemlər yarada bilər

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 900 milyon manat təşkil edib.

Mərkəzi Bankın atdığı addımlar problemi kreditlərin ümumi məbləğinin azalmasına niyə təsir edə bilmir? Günahı istehlakçılarda yoxsa kommersiya banklarında axtarmalıyıq? İqtisadi və Sosial İnkişaf Mərkəzinin Eksperti , Rəşad Həsənov:

Ötən 10 il ərzində Azərbaycan maliyyə-bank sektorunun inkişafı dövründə bankların kredit portfellərində istehlak kreditləri xüsusilə geniş yer tutub.

Hazırda problemli kreditlərin həcminin artmasının bir neçə səbəbi var. Və istehlak kreditləri də daha çox gəlirsiz məqsədlə istifadə edildiyi, biznes xarakteri daşımadığı üçün bu kreditlərin geri qaytarılmasında ciddi problemlər yaranır. Hazırda biz problemli kreditlərin tərkibinə baxsaq, görərik ki, onların çoxu istehlak məqsədilə alınan kreditlərdir. Bu, illərlə üst-üstə tolanan problemləri Mərkəzi Bankın atdığı addımlarla, verilən qərarlarla, müəyyən maneələr yaratmaqla həll etmək mümkün deyil. Çünki hal-hazırda Azərbaycanda kredit istehlakında bir ənənə formalaşıb.

İnsanlar öz gələcək problemlərini daha çox bu gün kreditlər vasitəsilə həll etməyə çalışırlar.
Bu, həmçinin, Azərbaycan əhalisinin məişət davranışından da irəli gələn problemlərdir.

Təsadüfi deyil ki, əksəriyyət bu gün xeyir iş üçün də, hansısa problemi həll etmək üçün də kreditlərə müraciət edir, işlərini bu yolla həll edir. Lakin bununla yanaşı, biz bu sahədəki bütün problemləri istehlakçıların üzərinə də qoya bilmərik. Çünki, dediyimiz kimi, bu problemlər əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıb. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar.

Hazırda hətta bir çox kredit istifadəçisi bir kreditini bağlamaq üçün digər kreditə müraciət edir.

Beləliklə borclar zəncirvari şəkildə daha da artır. Amma demək olmaz ki, Mərkəzi Bankın gördüyü tədbirlər səmərəsizdir. Çünki, biz əgər problemli kreditlərin ödənişinə baxsaq, görərik ki, bu temp son illər daha da sürətlənmişdir. Ödənişlər gələcək illərdə daha da çoxalacaq. Lakin bu problemləri kökündən həll etmək də mümkün deyil. Budan ötrü hansısa formada insanların maliyyə vəziyyətləri yaxşılaşmalıdır. Yaxud da ki, insanların kreditlərə yanaşma tərzi yaxşılaşmalıdır. Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır.

Sadəcə, arayış sistemi tətbiq etməklə, istehlak kreditlərinin verilmə şərtlərini sərtləşdirməklə məsələni həll etmək mümkün deyil. İlk olaraq faizlər aşağı salınmalıdır.

İnsanların maliyyə qaynaqlarına çıxışı, kredit əldə etməsi nisbətən asanlaşmalıdır”.

Son xəbərlər
Digər xəbərlər