“ByteDance” şirkətinin investorları “TikTok”u 50 milyard dollar dəyərində qiymətləndiriblər.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat verib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Xarici İnvestisiyalar Komitəsi (CFIUS) “TikTok”un emal etdiyi fərdi məlumatların təhlükəsizliyi ilə bağlı öz narahatlıqlarını dilə gətirmişdir.
İyul ayında isə ABŞ səlahiyyətlilərinin “ByteDance” şirkətini qara siyahıya salmaq planları üzə çıxıb. Bildiyimiz kimi, bu halda “TikTok”un ölkədə fəaliyyəti qadağan edilməlidir. Xatırladaq ki, Çin və ABŞ arasında gedən ticarət müharibəsi səbəbindən qara siyahıya daxil edilən şirkətlərdən biri də “Huawei”dir.
Bunun qarşısını almaq üçün amerikalı investorlar “TikTok” üzərində nəzarəti öz əllərinə keçirmək istəyiblər.
50 milyard dollarlıq qiymətləndirmə, “TikTok”un 2020-ci il üçün proqnozlaşdırdığı 1 milyard dollar gəlirindən 50 dəfə çoxdur. Bildirildiyi kimi, 2021-ci ildə sosial şəbəkə 6 milyard dollar gəlir götürməyi gözləyir.
Müqayisə aparmaq üçün qeyd etmək lazımdır ki, məşhur “Snap” tətbiqi proqnozlaşdırılandan 15 dəfə yüksək qiymətləndirilib – təqribən 33 milyard dollar.
Bununla yanaşı. “ByteDance” tətbiq üzərində nəzarətin amerikalı investorların əllərinə keçməsi məsələsi üzrə razılığa gələ bilmədiyi təqdirdə, “TikTok”un Amerikadakı şöbəsi satışa çıxarılacaq.
Daha bir ssenari: “TikTok”un müstəqil holdinq şirkətinin yaradılması.
“ByteDance”, “General Atlantic” və “Sequoia” məsələyə şərh verməkdən imtina ediblər.