“Unicapital” İnvestisiya Şirkəti 2019-cu ili 393 min 289 manat xalis mənfəətlə başa vurub. 2018-ci ilin müvafiq dövründə isə investisiya şirkətinin mənfəəti 300 min 71 manat olub ki, bu da “Unicapital”ın xalis mənfəətinin 31% artması deməkdir.
Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ildə “Unicapital” investisiya şirkətinin cəmi gəlirləri 1 milyon 43 min 808 manat (illik müqayisədə 32,4% çox), mənfəət vergisi xərci 86 min 155 manat (2,3% çox) olub. İnvestisiya şirkətinin işçi heyəti ilə bağlı xərcləri 367 min 702 manat, ümumi və inzibati xərcləri 202 min 714 manat təşkil edib. Belə ki, illik müqayisədə “Unicapital”ın işçi heyəti ilə bağlı xərcləri 10%, ümumi və inzibati xərcləri isə 2 dəfə artıb.
Ötən il investisiya şirkətinin cəmi aktivləri 5 milyon 837 min 634 manat olub ki, bu da illik müqayisədə aktivlərin 56% artması deməkdir.
“Unicapital” investisiya şirkətinin cəmi öhdəlikləri 2 dəfəyə yaxın artaraq 4 milyon 407 min 618 manat, cəmi kapitalı 38% artaraq 1 milyon 430 min 16 manat olub. Şirkətin bölüşdürülməmiş mənfəəti 1 milyon 130 min 16 manat təşkil edib. 2018-ci ildə bu göstərici 736 min 727 manat olub.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.