-1 C
Baku
Saturday, December 14, 2024

Koronavirusdan sonrakı gələcək: 10 əsas trend

Aylardır davam edən koronavirus pandemiyası dünyada vərdiş etdiyimiz bir çox şeyi kökündən dəyişib. Sahibkarlar əməkdaşlarını ofisə qaytarmağa tələsmir, təhsil onlayn formata keçir, hətta məhsulları da mağazadan almağa yox, internetdən sifariş etməyə üstünlük verməyə başlamışıq. Postkoronavirus dövründə həyatımıza hansı trendlər girəcək?

1. Distant identifikasiya

SMS-kod və puş-ismarışların yerini biometriya (məsələn, barmaq izi, “feys aydi” və s.) tutacaq. Onlayn alver, maliyyə əməliyyatları və ya sənədlərin imzalanması kimi rəqəmsal kimlik təsdiqi həyatımızda möhkəmlənməkdə davam edir. Kimliyin distant təsdiqi yaxın vaxtlarda həyatın bütün xidməti sahələrinə daxil ediləcək. Bununla da rahat və təhlükəsiz identifikasiyaya malik texnologiyalara da tələbat artacaq.

2. Logistika və çatdırılma texnologiyaları

Pandemiya dövründə bütün dünyada çatdırılma xidmətlərinə böyük tələbat müşahidə edilib. Məsələn, Rusiyanın “Eda.Yandex” və “Delivery Club” yemək çatdırılmasına olan tələbat ötən aylarla müqayisədə 35,5% artıb. Böyük ehtimalla bu vərdiş yoxa çıxmayacaq. Bir çox mütəxəssisin fikrincə, çatdırılma zəncirində insanın rolu da dəyişə bilər: işin bir hissəsini dronlar görəcək. “Google”, “Amazon” və digər şirkətlər ya artıq bu prosesi işə salıblar, ya da dronlar hələlik sınaq mərhələsindədir. Bundan başqa, C2C (“consumer to consumer” – tərc. istehlakçıdan istehlakçıya) e-ticarət sektoru daha da inkişaf etməyə başlayacaq. C2C əsasən “Ebay” kimi satış platformalarda gerçəkləşdirilir. Burada platforma vasitə rolundadır. Fiziki şəxsin digər fiziki şəxsə öz məhsulunu satdığı, əlavə heç bir hüquqi prosedurların (məsələn, çeklərin) olmadığı bir ticarət növüdür.

3. Distant iş

Distant iş və çevik qrafik fikrini dəstəkləyən texnologiya şirkətlərinin sayı artmaqda davam edir. Pandemiyaya görə görülən məcburi tədbirlər bu gün artıq adi reallığa çevrilib. Bu trenddə “Zoom” və “Google Meet” kimi tətbiqlərin rolu danılmazdır.

Misal üçün, “Facebook” şirkətində əməkdaşları ofisə çağırmağa tələsmirlər. 45 minlik “Facebook” personalına müraciət edən Mark Sukerberq 5-10 il sonra əməkdaşların yarısının distant işləyəcəyini vurğulayıb.

Bundan başqa, bir çox orta və xırda sahibkarları ofis xərclərinin nə dərəcədə məntiqli olub-olmaması düşündürüb. Üstəlik, distant iş həm də tələbə, gənc analara, uşaqları ilə daha çox vaxt keçirmək istəyən valideynlərə əl tutur.

4. Kibermüdafiə

Distant iş fikrini bir çox sahibkar dəstəkləsə də, bunun yan təsirləri də mövcuddur. Misal üçün, bir çox biznesmen və siyasətçilərin işgüzar iclaslar üçün istifadə etdiyi “Zoom”da təhlükəsizliklə bağlı ciddi problemlər ortaya çıxıb. Ancaq bununla belə, bu cür zəif nöqtələr yeni təhlükəsizlik texnologiyalarının inkişafına təkan verir. Yəni yaxın vaxtda korporativ təhlükəsizliyin olduğu yeni rahat servislər gözləyə bilərik.

5. Teletibb

Koronavirus dövründə əksəriyyət riskə getməyərək xəstəxana və klinikalara getmir. Bundan başqa, teletibb həm də xeyli vaxta qənaət etmək deməkdir. Bu isə meqapolis sakinləri üçün vacib amildir.

Teletibbi, demək olar ki, bütün sahələrdə tətbiq etmək olar: pediatriyadan psixoterapiyayadək. Bundan istifadə edən insanların sayı artır. Üstəlik, xidmətlərin siyahısı da böyüyür. Məsələn, insanlar artır rahatlıqla xarici mütəxəssislərlə də məsləhətləşə bilirlər. Teletibbin ikiqat daha sürətlə inkişaf edəcəyi gözlənilir.

6. “Deep Cleaning”

Maskalar viruslardan qorunma vasitəsindən dəbdəbə aksesuarına keçiblər. Artıq brendlərin əksəriyyəti dəbdəbəli maskalar tikməyə başlayıb. Antiseptikdən (əllər üçün spirtli məhlul) “instinktiv” istifadə isə böyük ehtimalla bizimlə hələ çox qalacaq. O ki qaldı ciddi trendlərə, COVID-19 özü ilə həm də təmizlik texnologiyalarını gətirib. Belə ki, yaxın gələcəkdə hava limanı, kinoteatr, muzey və digər ictimai yerlərdə təmizlik və təhlükəsizliyini müşahidə edən xüsusi smart təmizlik cihazlarının tətbiq edilməsi gözləniləndir.

7. Süni intellekt

Süni intellekt uzun müddətdir ki elmi fantastikadan çıxaraq rutin həyatımıza daxil olub. Süni intellekt həm də həkimlərə də yardımçı olur. Bu, onların vaxtına xeyli qənaət edir. Belə ki, kompüter tomoqrafiyası şəklini təhlil etmək və COVID-19-u müəyyənləşdirmək üçün alqoritmlərə sadəcə bir neçə saniyə kifayət edir.

Bundan əlavə, israilli alimlər yoluxmanı aşkarlayan yeni mobil tətbiq üzərində çalışırlar. Bu tətbiq insanın səs dəyişikliyinə əsaslanaraq onun COVID-19 daşıyıcısı olub-olmamasını müəyyənləşdirə biləcək.

Ancaq süni intellektin işi tiblə də bitmir. Məsələn, bir çox mağaza onlayn müştəriləri xidmətlərini artıq insanlara yox, çat-botlara (süni intellektə) güvənməyə başlayıb. Həmin çat-botlar eyni anda minlərlə müştəriyə cavab vermək qadirindədirlər.

8. Robotlaşma

Robotların iqtisadiyyata inteqrasiyasının araşdırmaçılarının fikrincə, pandemiya avtomatlaşma üçün yeni imkanlar yaradacaq. Robotlar hərərət ölçüsü, ultrabənövşəyi dezinfeksiya, kuryer robotlar isə məhsulların çatdırılması sahəsində geniş istifadə olunmağa başlayıb. “McDonald’s”da kassir və aşpaz robotların sınaq mərhələsindədirlər. “Amazon” isə öz anbarlarında insanları çoxdan robotlarla əvəzləyib. “Facebook” və “Google” kimi texnoloji nəhənglər də geridə qalmırlar. Onlar süni intellekt sayəsində uyğunsuz kontentlərə nəzarət edirlər. Üstəlik, alimlər fintes məşqçilərini əvəzləyə biləcək robotlar üzərində çalışırlar.

9. Özünüinkişaf texnologiyaları

Koronavirus pandemiyası bizi evə bağlayıb. Fitnes, təhsil, əyləncə – hər şey onlayn rejimə köçüb. Məsələn, bir çox musiqi, kitab, dil öyrənmək tətbiqlərin yüklənmə sayında böyük artımlar müşahidə edilib. Bu bizim kinoteatrlardan və ya ingilis dili müəllimlərdən imtina edəcəyimiz mənasına gəlmir, ancaq bu sahələrdə rəqabət güclənəcək, demək ki, məhsulların keyfiyyəti də artacaq.

10. 5G

Rəqəmsal texnologiyaların inkişafı ilə paralel internet daha da yüklənir. Mütəxəssislərin fikrincə, bir neçə il sonra internet üzərindən o qədər məlumat qəbul edib göndərəcəyik ki, indiki şəbəkə nəsli trafikin öhdəsindən gələ bilməyəcək. 5G indiki nəsil dünya şəbəkəsinin yüklənməsini azalda və yeni xidmətlər üçün yol aça bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər