14 C
Baku
Saturday, November 23, 2024

Riskli vergi ödəyicisi kimdir?

Əsas anlayış

Vergi Məcəlləsinin 13.2.82. maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Qeyd:  Yuxarıda qeyd olunan müvafiq icra hakimiyyəti dedikdə  Azərbaycan Respublikası  Nazirlər  Kabineti nəzərdə tutulur.

Kommersiya və (və ya) vergi sirri

Vergi məcəlləsinin 30.2.9. maddəsinə  əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olub – olmaması haqqında  məlumat  vergi sirri və şəxsi həyata  dair  məlumat  hesab olunmur.

İzah: “A” hüquqi və ya fiziki şəxs riskli vergi ödəcisi sayılır. B hüquqi və ya fiziki şəxs “A” hüquqi və ya fiziki şəxslə iş görmək istəyir. Amma o bilmək istəyir ki, “A” hüquqi və ya fiziki şəxs riskli vergi ödəyicisidir ya yox. Bunun üçün o sərbəst şəkildə onun riskli vergi ödəyicisi olması barədə vergi orqandan və ya onun elektron sistemindən məlumat əldə edə bilər. Səbəb yuxarıda qeyd olunduğu kimi, açıq məlumat kateqoriyasına aiddir. 

Səyyar vergi yoxlaması

Vergi məcəlləsinin 38.3.8-1 maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlamaları keçirilə bilinər. 

İzah: “A” MMC və ya “A” adlı vergi ödəyicisi riskli vergi ödəyicisidir. Vergi orqanı istədiyi vaxt onu yoxlaya bilər.

Operativ nəzarət

Vergi Məcəlləsinin 50.2.5. maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılır. 

Qeyd: Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:

Vergi orqanları tərəfindən vergilərin hesablanması

Vergi Məcəlləsinin 83.7. maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 

İzah:  “A” MMC və ya fiziki şəxs 21.07.2020-ci  iki min manat vergi ödəyib. 27.07.2020-ci  ildə  vergi orqanı müəyyən edib ki, riskli vergi ödəyicisi 1000 manat vergidən yayınıb. Bunun üçün vergi orqanında əsaslandırılmış konkret məlumatlar var. Bu halda vergi orqanı 21.07.2020-ci il tarixədək vergini yenidən hesablayıb, əsaslandırılmış qərar çıxarır. 

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri 

və həmin müddətlərin dəyişdirilməsi

Vergi Məcəlləsinin  85.8. maddəsinə əsasən vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa və ya vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.  

İzah:  “A” MMC və ya fiziki şəxs riskli vergi ödəyicisidir. İyulun 20-nə kimi hesabatını (başqa öhdəlikdə ola bilər) verməlidir.  Yəni  riskli vergi ödəyicisi statusu ona vergi öhdəliyin yerinə yetirilməsində heç bir üstünlük vermir. 

Artıq ödənilmiş vergilərin, faizlərin və 

maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması

Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Vergi Məcəlləsinin 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. 

İzah: “A” MMC və ya fiziki şəxs riskli vergi ödəyicisidir. 27.07.2020-ci ildə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri biri təyin olunur.  Yoxlama tədbiri  01.09.2020-ci  başa çatacaq. Riskli vergi ödəyicisi olan “A” MMC və ya fiziki şəxsin 28.07.2020-ci ildə artıq ödəmə ilə bağlı vergi orqanına müraciət etsə də, onun bu müraciəti təstiqini taparsa, 45 gün müddət 01.09. 2020-ci ildən sonra tətbiq ediləcək.

Əmlakın siyahıya alınması

Vergi Məcəlləsinin 89.3 maddəsinə əsasən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.

İzah:  “A” MMC və ya fiziki şəxs riskli vergi ödəyicisidir. 20.07.2020-ci ilə kimi 5000 min manat vergi borcu var. O bu borcu qeyd olunan tarixə kimi döməlidir. Vergi orqanın riskli vergi ödəyicisinin borcu ödəmək barədə kifayət qədər vəsaitin olması barədə məlumatı var. Riskli vergi ödəyicisi bu məbləği ödəməkdən imtina edir. Belə olan halda vergi orqanı  vergi ödəyicisinə yazılı bildiriş göndərməklə ondan bu məbləği ödəməyi tələb edir. 

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər

Vergi Məcəlləsinin 179.4. maddəsinə əsasən riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. 

Qeyd Bununla bağlı yuxarıda 87.3.1 maddə ilə bağlı olan hissədə məlumat verilib. 

Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar

Vergi Məcəlləsinin 222.3.maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.

İzah: “A” MMC və ya hüquqi şəxs 01.01.2020 – 01.04.2020-ci tarixədək əməliyyatlarını risksiz həyata keçirib (qanuna uyğun şəkildə). 01.04.2020-ci il tarixindən riskli vergi ödəyicisi siyahısına aid edilib. Riskli vergi ödəyicisinə aid olunan tələblər 01.04.2020-ci il tarixdən sonrakı müddətə aid ediləcək. Riskli vergi ödəyicisi siyahısından çıxarılmasına səlahiyyət Vergi orqanına aiddir.  

İqtisadçı-ekspert Rauf Qarayev. 

Son xəbərlər
Digər xəbərlər