7 C
Baku
Thursday, December 12, 2024

Bakıda çimərlik mövsümünün açılışı olub

“Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib: “Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb. Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq ediləcək”.

E.İmanov ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələlərinin həll edildiyini də diqqətə çatdırıb: “Kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb”.

E. İmanov yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyətinin Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacağını vurğulayıb: “Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər. Çimərliklərdə insan sıxlığı adi vaxtlara nəzərən yarıbayarı endirilib. Hər çimərliyin ərazisinə tutumuna uyğun olaraq insanların gəlişi tənzimlənəcək. Bunun üçün vətəndaşlar “ASAN Xidmət”in portalına daxil olaraq müvafiq məlumatları əldə edə biləcəklər. Çimərlik mövsümünün açılması o demək deyil ki, pandemiya artıq bitib, bu səbəbdən də nəzarətsiz çimərliklərə gedən vətəndaşlara da ehtiyatlı olmağı tövsiyə edirik, çünki bununla özlərini və ailələrini təhlükəyə ata bilərlər”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Son xəbərlər
Digər xəbərlər