Karyeranın müəyyən nöqtəsində bir çox mütəxəssis biznes sahəsindəki təhsilini davam etdirməyə qərar verir. Və bu iddialı namizədlər tez-tez belə bir sualla qarşılaşırlar: “Hansı proqram mənim üçün daha yaxşıdır – Executive MBA, yoxsa ənənəvi MBA?” Ola bilər ki, özünüz də bu barədə dəfələrlə düşünmüsünüz. Əgər siz də seçim etməkdə çətinlik çəkirsinizsə, EMBA və MBA arasındakı fundamental fərqləri əhatə edən bu məqaləni oxumağa davam edin.
Fərq №1: İş təcrübəsi
EMBA proqramları böyük iş təcrübəsi olanlar üçün nəzərdə tutulub, “executive” termini də məhz bunu nəzərdə tutur. Bəli, “idarəçilik təcrübəsi” ifadəsinin arxasında fərqli mənalar gizlənə bilər, lakin buna baxmayaraq, bu proqramların əksəriyyətində tələbələrə qarşı, demək olar ki, eyni şərtlər irəli sürülür – 12-15 illik iş təcrübəsi. (Nəzərə alın ki, hər bir biznes məktəb fərqli şərtlər təklif edir, bu barədə daha ətraflı məlumat əldə etmək üçün maraqlandığınız təhsil müəssisəsinin rəsmi saytına daxil olun). Digər tərəfdən, ənənəvi MBA proqramlarında oxuyan tələbələr orta hesabla 5-6 illik təcrübəyə malikdirlər, lakin bəzi hallarda məktəblər təcrübəsiz kollec məzunlarını da qəbul edirlər. Əslində, abituriyentin peşəkar “içliyi” ilə bağlı gözləntilər bir-birindən kəskin fərqlənsə də, EMBA proqramları üçün karyera yolunun daha uzun olması tələbi açıq-aşkar görünür.
Fərq №2: Təcrübənin keyfiyyəti
Həm EMBA, həm ənənəvi MBA “öhdəliklərimi yerinə yetirirdim” anlayışından kənara çıxan və müxtəlifliyi ilə fərqlənən iş təcrübəsinə yüksək qiymət verir. EMBA proqramına müraciət edərkən düşünməyin ki, kifayət qədər təcrübəyə sahibsinizsə və ya karyera pilləkənində ən yüksək mövqeyə çatmısınızsa, mütləq qəbul olacaqsınız. Adətən bu cür proqramlarda sizin daim inkişaf edən liderlik keyfiyyətlərə (insanları idarə etmək, büdcənin icrasına nəzarət etmək, strateji qərarlar qəbul etmək və digər bacarıqlar) sahib olduğunuzu sübut edən dəlillərə ehtiyac olur. EMBA proqramları şirkətində böyük nüfuzu olan insanları axtarırlar. Və əksinə, ənənəvi MBA bu məsələyə daha sadə yanaşır: ilk növbədə, tələbənin potensialı qiymətləndirilir. Unutmayın ki, EMBA sizə sadəcə bilik və bacarıq sahəsindəki boşluqları doldurmağa kömək edir.
Fərq №3 Maliyyələşdirmə
“Sponsorlu” tələbələrin təhsil xərcləri adətən işəgötürən tərəfindən qarşılanır. Bu cür maliyyələşdirmə EMBA proqramlarında olduqca yüksək qiymətləndirilir, ənənəvi MBA-da isə tələblərin əksəriyyətinin belə dəstəyi yoxdur. Məsələn, Columbia Business School-da EMBA kursunun 58%-i, Wharton-da isə təxminən 70%-i tam və ya qismən maliyyələşdirilir. Müəyyən mənada bu dəstək potensialın göstəricisi kimi nəzərdən keçirilir və tələbənin biznes məktəbə qəbul olub-olmayacağına təsir göstərir. Namizədin təhsilini maliyyələşdirən və onu işdən azad edən şirkət sanki deyir: “Biz ona güvənirik!” Lakin digər tərəfdən, subsidiya almadan EMBA üzrə təhsil almaq istəyirsinizsə, rühdan düşməyin – Columbia-da tələbələrin 42%-i sizinlə eyni vəziyyətdədir.
Fərq №4: Struktur
Amerikanın ən yaxşı MBA proqramlarının əksəriyyəti təxminən 21 ay üçün nəzərdə tutulub (yayın sonundan payızın əvvəlinədək), EMBA proqramlarının başlama tarixi isə həmişə fərqli olur. Məsələn, Fuqua School of Business (Duke University) 2 EMBA kursunu təklif edir: 19 aylıq (Şimali Karolinada) və 16 aylıq Global MBA. Beləliklə, ənənəvi MBA proqramları bir-birinə nisbətən bənzəyirsə, hər bir EMBA kursu ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. Yaxşı olar ki, peşəkar və şəxsi həyatınızla bağlı bütün nüansları diqqətlə öyrənəsiniz, çünki biznes təhsil başqa ölkəyə səyahəti də nəzərdə tuta bilər.
Demək, biz sizə bu iki növ proqram arasındakı əsas fərləri göstərdik, lakin onları birləşdirən cəhətlər də var: hansı kursu seçməyinizdən asılı olmayaraq – EMBA və ya ənənəvi MBA – nəticədə yenə də biznes təhsil əldə etmiş olursunuz. Bəzi namizədlər çox narahat olurlar: əgər EMBA tələbənin mühazirələrdə sistematik şəkildə iştirakını nəzərdə tutmursa, demək ki, onun diplomu daha aşağı qiymətləndirilir. Bu belə deyil. Təşkilati olaraq, EMBA və MBA eyni ali təhsil və akademik nailiyyət standartları çərçivəsində işləyir. Siz sadəcə özünüzə daha uyğun olan proqram seçməlisiniz.