Azərbaycan iqtisadiyyatı son illər yeni çağırışlar üzrə formalaşıb. Kölgə iqtisadiyyatının qarşısının alınması, şəffaflaşma və ağarma müxtəlif sektorlar üzrə inkişafı təmin edib. Bu istiqamətdə görülən işlər spirtli içkilər və tütün bazarına da təsir edib. Spirtli içkilər bazarı uzun müddət ikili mühasibatlıq, gəlirlərin gizlədilməsi və uçotdan yayınma hallarının ən geniş yayıldığı sahə olub. 2018-ci ildən etibarən sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinin şəffaflaşdırılmasına yönələn çağırışlar, maarifləndirmə, nəzarət tədbirlərinin gücləndirilməsi və bazarın tənzimlənməsi üçün sivil alətlərin tətbiqi burada əsaslı dəyişikliklər yaradıb. Hazırda bu bazar iqtisadi çağırışların təmin olunmasına adekvat cavab verən sahəyə çevrilir və kölgədən işığa dorğu əsaslı sürətdə dəyişir.
Rəqəmlərin dili ilə…
Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 mln. manat, 2018-ci ildə 179,7 mln. manat, 2019-cu ildə 338,5 mln. manat, cari ilin 6 ayı ərzində isə 278,4 mln. manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəmələr üzrə 166,3 mln. manat, faiz nisbəti ilə isə 148 faiz artımın olduğu deməkdir. Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 mln. manat, 2018-ci ildə 48,4 mln. manat, 2019-cu ildə 197,4 mln. manat, cari ilin 6 ayı ərzində isə 164,3 mln. manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 mln. manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir.
Vergi ödəyicilərinin istehsal etdiyi məhsulların həcmi üzrə də bu artımı aydın şəkildə görmək mümkündür. 2020-ci ilin ilk altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.
Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1.004 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün oldu.
Daxili istehsal ön plana keçir
Azərbaycanda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Tütün və spirtli içki istehsalı üzrə bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər var. Bu sahədə yerli istehsal müəssisələrinin fəaliyyət göstərməsi yaxşı nəticələr verib. Belə ki, 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” QSC tütün məmulatları istehsalı fabriki işə başlayıb. 14 milyard ədəd siqaret həcmində ümumi illik istehsal gücünə malik fabrikin 8 istehsal xətti var və hazırda burada 74 növ siqaret istehsal edilir. Bu sahədə rəqəmlərə nəzər salaq…
Göründüyü kimi, istehsalın artması idxal məhsullarına tələbatı azaldıb. Üstəlik yerli istehsal sahələrinin inkişafı daxili resurslardan səmərəli istifadəyə də şərait yaradır. Bu isə sahibkarlara yeni invesitisiya imkanlarından yararlanmaq üçün geniş potensial yaradır.
Səmərəli istehsalın açdığı yeni imkanlar
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərindəndir. Azərbaycanda yerli istehsalçı şirkətlər tərəfindən ötən ildən pivə istehsalatı üçün xammalın lokallaşdırılmasına məqsədlənən Azərbaycanda pivə arpasının becərilməsi üzrə pilot layihəyə start verib. Ötən il Şəmkir rayonunda, 8,4 hektar ərazidə payızlıq arpa növlərinin seleksiyasında dünya üzrə məşhur şirkətlərdən birinin tədarük etdiyi pivə arpasının 4 növünün sınaq əkini həyata keçirilib. Test əkinin əsas məqsədi yerli şərtlərdə sınaqların keçirilməsi yolu ilə bu növlərin potensial məhsuldarlığı, pivə istehsalı məqsədləri üçün yararlılığı nöqteyi nəzərindən keyfiyyət göstəricilərinin uyğunluğunun təyin olunmasından ibarətdir. Pivəlik arpa yığımı bu il baş tutub və nümunələr pivə istehsalı standartlarına uyğunluğunun təyin olunması üçün laboratoriyalara göndərilib. Laboratoriyada əldə edilən ilkin nəticələrə görə, arpa növlərindən 2-si Azərbaycanın iqlim şəraitində yüksək məhsuldarlıq verib və onların yararlı olması təsdiqlənib. Hazırda Azərbaycanın əlverişli coğrafi mövqeyinə əsaslanaraq yerli və idxal edilmiş pivə arpasının ölkəmizdə emal edilərək Yaxın Şərq və Orta Asiyaya çatdırılması üçün emal zavodunun tikilməsi dəyərləndirilir.
Biznes üçün yaradılmış əlverişli şərait, yerli istehsala yönələn layihələrin reallaşdırılması emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu isə kənd təsərrüfatının imkanlarından səmərəli istifadə, yerli məhsulların rəqabətqabiliyyətlinin artırılması, məşğulluğun təmin edilməsi və nəticədə iqtisadi aktivliyin genişlənməsidir.