Çin digər ölkələrlə münasibətləri möhkəmləndirmək və nüfuzunu qorumaq üçün koronavirus peyvəndindən istifadə edəcək.
Banker.az xəbər verir ki, bu barədə WSJ yazıb. Qeyd edildiyi kimi, geosiyasi məsələlərdə bu peyvənd Pekinin yalnız dost ölkələrə göndərdiyi pandaların analoquna çevrilə bilər.
Ekspertlər Çin, Rusiya və digər ölkələrin koronavirus peyvəndindən diplomatik məqsədlərlə istifadə etməyə çalışacağına əmindirlər. Buna misal olaraq “Sinovac Biotech Ltd.” adlı özəl şirkətin yüz milyonlarla doza peyvənd istehsal etmək üçün Braziliya və İndoneziya ilə birgə işləməyə razılıq verməsini göstərmək olar. Pakistanla bağlanmış razılığa əsasən, İslamabad ölkə əhalisinin təxminən beşdə biri üçün (220 milyon nəfər) doza alacaq, bunun müqabilində ölkə öz ərazisində klinik tədqiqatlara, yəni pakistanlılara inyeksiya etməyə icazə verəcək.
Bu ilin əvvəlində Çin və orada yaşayan milyarderlər koronavirusun təsirinə məruz qalan ölkələrə humanitar yardımlar göndərməyə başladı – ilk növbədə maskalar, qoruyucu kostyumlar və tibbi avadanlıqlar. WSJ hesab edir ki, peyvənd tədarükü bu təcrübəni davam etdirə bilər.
Geosiyasi qazanc olaraq, Çin ABŞ-ın iştirakı ilə yarışdığı Cənubi Çin dənizindəki iddialarında digər ölkələrin dəstəyini qazana bilər. Peyvənd Çinin Vaşinqtonla münasibətlərini pisləşdirərək, digər ölkələrlə diplomatik əlaqələrini yaxşılaşdırmağa kömək edəcək. Qeyd edək nki, İki ölkə arasındakı rəqabət peyvənd yarışında da davam edir: avqustun əvvəlində həm Çinin xarici işlər naziri, həm də ABŞ-ın dövlət katibi Malaziyanın xarici işlər naziri ilə peyvəndin tədarükü mövzusunda danışıqlar aparıb, çünki hər iki ölkə Kuala Lumpur ilə əlaqələri yaxşılaşdırmağa çalışır, bu barədə “Wall Street Journal” yazır.
Çinin peyvəndi yaymaqda daha bir marağı var. Ölkə öz ərazisində koronavirusu demək olar ki, məğlub edib və bu fakt klinik sınaqların keçirilməsini çətinləşdirir. Bundan əlavə, Çin ABŞ-dan fərqli olaraq, koronavirus peyvəndini digər ölkələrə paylamaqda daha çevik ola bilər. Qeyd edək ki, ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar əvvəlcədən bildirmişdir ki, peyvənd yalnız daxili tələbat ödənildikdən sonra ixrac ediləcək.
“Əgər peyvənd effektsiz olsa və ya zaman keçdikcə hər hansı təhlükəsizlik problemləri ortaya çıxsa, bu strategiya Çin üçün böyük biabırçılığa çevrilə bilər”, – deyə “Vaccinology Consulting LLC” konsaltinq şirkətinin direktoru Con Donnelli söyləyib.
Münasibətlərin yaxşılaşdırılması üçün Çin geosiyasətinin digər bir vasitəsi də məşhurdur. Bildiyimiz kimi, pandalar yalnız Çində var və Pekin onları yalnız dost ölkələrdəki zooparklara göndərir. Bu vasitə hətta “panda diplomatiyası” adını qazanıb.