Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:
“Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib, ərazidə müvafiq yol nişanları quraşdırılıb.
Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək.
Sürücülərə hərəkətin yenidən təşkili ilə bağlı daha diqqətli olmalarını və qaydalara riayət etmələrini tövsiyə edirik”.