Gürcüstanda müasir tipli kombinə edilmiş “Qardabani 3” istilik elektrik stansiyası (İES) inşa olunacaq.
Ölkənin Neft və Qaz Korporasiyası bununla bağlı beynəlxalq təkliflər sorğusu elan edib.
Qardabani bələdiyyəsində 272 MVt gücə malik üçüncü İES-in tikintisi ilə bağlı qərar 2019-cu ildə qəbul olunub. Enerji obyektinin 2023-cü ildə istismara verilməsi planlaşdırılıb.
Yeni stansiya korporasiyaya məxsus torpaq sahəsində – “Qardabani 1” və “Qardabani 2” İES-lərinin yaxınlığında tikiləcək. Podratçı şirkətin tikintidə çalışacaq işçilərin ən azı 50%-nin Gürcüstan vətəndaşlarından ibarət olması ilə bağlı öhdəliyi olacaq.
Korporasiyadan bildirilib ki, yeni İES-in inşası strateji əhəmiyyətli layihədir. Stansiya ölkənin enerji sisteminin işini daha etibarlı etməklə yanaşı enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və idxal olunan elektrik enerjisindən asılılığı azaldacaq.
Qeyd edək ki, qonşu ölkədə ilk İES 2015-ci ildə, sonuncusu isə bu ilin yanvarında istifadəyə verilib.