Müəllif: Müstəqil treyder Rüfət Axundov
Fibonaççi rəqəm ardıcıllığı və bu ardıcıllığın xüsusiyyətləri İtalyan riyaziyyatçısı Leonardo de Pisa tərəfindən məhşurlaşdırılmışdır. Fibonaççi rəqəm ardıcıllığı 0 və 1 rəqəmi ilə başlayaraq sonsuzluğa qədər davam edir. Ardıcıllıqda gələn hər növbəti rəqəm bu rəqəmdən öncə gələn iki rəqəmin cəmidir.
Məsələn:
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987… sonsuzluğa qədər.
QIZIL NİSBƏT
Bu rəqəm ardıcıllığının maraqlı bir cəhəti odur ki ardıcıllıq davam etdikcə bu ardıcıllıqda mövcud olan rəqəmlər arasında sabit nisbətə rast gəlmək olar. Bu nisbət 1.618 nisbətidir və qızıl nisbət adlandırılır.
Məsələn:
55 x 1.618 ≈ 89
89 x 1.618 ≈ 144
1.618 qızıl nisbətinin əksi 0.618 nisbətidir.
Məsələn:
55 / 89 ≈ 0.618
89 / 144 ≈ 0.618
Fibonaççi rəqəm ardıcıllığında ilkin gələn bir neçə rəqəmdən sonra rəqəmlər arasında qızıl nisbətə rast gəlmək mümkündür.
Qızıl nisbət olan 1.618 rəqəminə eyni zamanda müxtəlif elm sahələrində və təbiətin bir çox yerlərində rast gəlinə bilər.
Maliyyə bazarlarında qiymət hərəkətinə tətbiq edilən əsas Fibonaççi nisbət hesablamaları aşağıdakılardır:
- 0.236
- 0.382
- 0.500
- 0.618
- 0.786
- 1.00
- 1.272
- 1.618
- 2.00
- 2.618
- 4.236
Bu nisbətlərin hər biri bir-biri ilə vəhdətdədir:
1.0 – 0.618 = 0.382
0.618 x 0.618 = 0.382
1.0 / 2 = 0.50
1.0 x 2 = 2.0
0.618 qiymətinin kök altında dəyəri = 0.786
0.618 qiymətinin əksi = 1.618
1.618 qiymətinin kök altında dəyəri = 1.272
0.618 – 0.382 = 0.236
0.382 x 0.618 = 0.236
1.618 x 1.618 = 2.618
2.618 x 1.618 = 4.236
Fibonaççi nisbətləri üzrə hesablanmış qayıdış səviyyələri:
Fibonaççi qayıdış səviyyələri qiymətin müəyyən istiqamətdə hərəkətindən sonra həmin hərəkətin (artım və ya azalmanın) bir hissəsinə qədər korreksiya formasında qayıtmasına deyilir. Bu səviyyələr həm müqavimət həm də dəstək səviyyələri kimi istifadə oluna bilər. Qiymət hərəkəti adətən bu səviyyələrdə müqavimət/dəstəklə üzləşərək korreksiyanı başa vurmuş olur.
Fibonaççi qayıdış səviyyələri aşağıdakılardır:
- 0.236
- 0.382
- 0.500
- 0.618
- 0.786
Fibonaççi qayıdış səviyyələrini təyin edərkən qiymətin hərəkət etdiyi istiqaməti nəzərə almaq lazımdır.
Əgər qiymət müəyyən minimuma endikdən sonra korreksiya formasında yüksəlməyə başlarsa, korreksiyanın bitə biləcəyi potensial qayıdış səviyyələrini müəyyən etmək üçün Fibonaççi alətindən istifadə edərək qayıdış səviyyələrini yuxarıdan aşağıya doğru (qiymət enişinin istiqamətində olaraq başlanğıcından sonuna qədər) çəkərək müəyyən etmək lazımdır.
Əgər qiymət müəyyən maksimuma yüksəldikdən sonra korreksiya formasında enməyə başlarsa, korreksiyanın bitəcəyi ehtimal edilən potensial qayıdış səviyyələrini müəyyən etmək üçün Fibonaççi alətindən istifadə edərək qayıdış səviyyələrini aşağıdan yuxarıya doğru (qiymət yüksəlişinin istiqamətində olaraq başlanğıcından sonuna qədər) çəkərək müəyyən etmək lazımdır.
Fibonaççi nisbətləri üzrə hesablanmış genişlənmə səviyyələri:
Fibonaççi nisbətləri üzrə müəyyən edilmiş qayıdış səviyyələrindən fərqli olaraq genişlənmə səviyyələrində qayıdış, üzərində hesablamalar aparılan qiymət hərəkətinin başlanma nöqtəsindən daha çox məsafəni fəth edir.
Fibonaççi nisbətləri üzrə müəyyən edilmiş qayıdış səviyyələrində olduğu kimi genişlənmə səviyyələri də hesablanan zaman qiymət hərəkətinin istiqaməti nəzərə alınmalıdır. Genişlənmə səviyyələrinin hesablanması qiymət hərəkəti istiqamətində aparılmalıdır.
Fibonaççi genişlənmə səviyyələri aşağıdakılardır:
- 1.272
- 1.618
- 2.00
- 2.618
- 4.236
Qiymət hərəkətinin adətən bu səviyyələrdə müqavimət/dəstəklə üzləşəcəyi gözlənilir.
Əgər qiymət korreksiya formasında müəyyən minimuma endikdən sonra yüksəlməyə başlayarsa, yüksəlişin bitə biləcəyi potensial səviyyələri müəyyən etmək üçün Fibonaççi alətindən istifadə edərək genişlənmə səviyyələrini yuxarıdan aşağıya doğru (qiymət enişinin istiqamətində olaraq enişin başlanğıcından sonuna qədər) çəkərək müəyyən etmək lazımdır.
Əgər qiymət korreksiya formasında müəyyən maksimuma yüksəldikdən sonra enməyə başlayarsa, enişin bitə biləcəyi potensial səviyyələri müəyyən etmək üçün Fibonaççi alətindən istifadə edərək genişlənmə səviyyələrini aşağıdan yuxarıya doğru (qiymət yüksəlişinin istiqamətində olaraq başlanğıcından sonuna qədər) çəkərək müəyyən etmək lazımdır.