Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.
Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.