Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq. İlkin mərhələdə ibtidai siniflər orta məktəblərdə əyani təhsil alacaqlar.
Bu il birinci sinifə gedəcəklər şagirdlərin sayının isə 160 min civarında olduğu deyilir. 15 sentybra qədər şagirdlərin məktəb ləvazimatları və geyimləri ilə təmin olunması əsas problemlərdən birinə çevrilib.
Belə ki, Təhsil Nazirliyi problemin aradan qaldırılması üçün yarmarkaların təşkil olunacağı ilə bağlı açıqlama versə də, bu yarmarkalarda sıxlığın müşahidə olunacağı və nəticə etibarı ilə yoluxma riskinin artacağı istisna deyil. Mövcud vəziyyətdə “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması valideynlər üçün problemin həllindən çıxış yolu ola bilər.
Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün millət vəkili Vahid Əhmədova müraciət etdik. Deputat Baku.Ws-ə bildirib ki, iri ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərlə çıxış edib: “Bu barədə mən artıq fikrimi bildirmişəm. Həm rayonlara gediş-gəliş, həm də “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərimi irəli sürmüşəm. Əgər şagirdlərin məktəbə gediş-gəlişini elan edir və icazə veririksə, onların ləvazimatla təminatı çox ciddi problem yarada bilər.
Düzdür, yarmarkaların təşkil olunması ilə bağlı fikirlər səsləndirilib. Bu yarmarkalar müəyyən miqdarda problemin öhdəsindən gəlməyə yardım edəcək. Amma unutmaq lazım deyil ki, məktəb ləvazimatları və paltarlar “Binə” və “Sədərək” ticarət mərkəzlərinə topdan-satış şəklində gəlir və paylanılır.
Bu səbəbdən yaxşı olardı ki, iri ticarət mərkəzlərinin açılması məsələsinə baxılsın. Ticarət mərkəzlərində ciddi karantin tədbirləri (maska, əlcək, dezinfeksiya vasitələri və ara məsafə) görülsün. Bu gün bu sahədə yumşalmaya getməyə çox böyük ehtiyac var.
Həm rayonlara gediş-gəliş, həm də iri ticarət mərkəzlərinin açılması çox ciddi məsələdir. Bununla bağlı mən müxtəlif çıxışlar etmişəm və bir daha bildirmək istəyirəm ki, bu sahələrin açılmasına ehtiyac var”.