9 C
Baku
Thursday, December 12, 2024

Çətin uşaqlıq lider olmağa kömək edir. Tələ nədədir?

Yazıçı, jurnalist və Merryck & Co şirkətinin direktoru Adam Brayant sahibkarların dözümlülük kimi keyfiyyətinin mənbəyini tapdı. Onun sözlərinə görə, bunu heç kimə arzu etmək olmaz. 

Şirkətlərin xarakteri və mədəniyyəti özünü böhranlarda göstərir. Bu həm də insanlara aiddir. Yeni koronavirus pandemiyasının təsiri ilə məşğul olan liderlər, kimlərin bu problemlərə ləyaqətlə cavab verdiyini, kimlərin isə əzildiyini görə bildilər. Bəzən sürprizlər də olur: əvvəllər dözümlü hesab etdikləri insanlar əzilir, həmişə arxa planla dayananlar isə əksinə, lider olur. 

COVID-19 bizim dözümlülüyümüzü sınadı və baxmayaraq ki, bu keyfiyyət haqqında öyrənilməmiş və yazılmamış artıq heç nə yoxdur, burada da müəmmalı qalan məqamlar var. Niyə həyat tərəfindən sarsıdılan insanlar ayağa qalxa bilirlər, digərləri isə yox? Sonsuz hadisələr aləmində fəlakətlərin öhdəsindən gəlməyin nə qədər vacib olduğu nəzərə alsaq – COVID-19 kimi qlobal böhran olmadığı təqdirdə belə – dözümlülük şirkətlərin işçilərində görmək istədikləri əsas keyfiyyətlərdən biridir. 

Dözümlülük haradan qaynaqlanır? Bu, güclü ailə həyatı və ya müsbət təcrübə yolu ilə inkişaf etdirilə bilən əzələdir – bütün bunlar uşaqlara və gənclərə həyatda gələcək problemlərə hazır olmağa kömək edir. 

Lakin dözümlülük təkcə müsbət təcrübədən deyil, həm də mənfi təcrübə hesabına formalaşır. O, uşaqları psixoloqların “daxili nəzarət lokusu” adlandırdıqları konsepsiyaya arxalanmağa məcbur edir. Qeyd edək ki, bu konsepsiya 1950-ci illərdə Julian Rotter tərəfindən hazırlanıb. 

CEO-lardan həmişə ilk həyat təcrübəsi və ən təsirli hadisələr haqqında soruşurdum və öyrəndim ki, bu liderlərin çox böyük hissəsi çətin şərtlərdə böyüyüb. Bəzilərinin valideynləri alkoqol asılılığından və ya psixiki sağlamlıq problemlərindən əziyyət çəkib, bəzilərinin isə yaşayış şəraiti o qədər pis idi ki, yemək almağa belə pulları yox idi. 

Bu gələcək liderlərin özü-özlərinə və ya valideynlərin onlara dedikləri əsas şey “qurban olma” ifadəsi olmuşdur. Yəqin ki, heç kimə belə çətin şərtlərdə böyüməyi diləmərsiniz, lakin məhz həmin anlarda insan nəyə qadir olduğunu göstərir. Mənfi hadisələr ilk növbədə özünəgüvən hissini oyadır. 

Lakin bu təcrübə sizi gücləndirsə də, kömək istəmək və ya öhdəliklərini digər əməkdaşlara ötürmək kimi müəyyən çətinliklər yaradır. Bilikli və təcrübəli CEO-lardan biri olan Leyla Jana da bundan dərs götürdü. O, 2020-ci ilin yanvar ayında 37 yaşında xərçəng xəstəliyindən vəfat etdi. 

Jana süni intellekt həllərini inkişaf etdirən qlobal texnoloji platformanın qurucusu və baş direktoru idi. 2017-ci ildə onunla görüşdüm və çətin həyatı haqqında əhvalatı öyrəndim. O, uşaqlıqda 12 dəfə yaşayır yerini dəyişdirməli olduğunu, az təminatlı ailədə böyüdüyünü və məktəbdə tez-tez təhqirə məruz qaldığını danışdı. 

“Uşaqlıqda emosional olaraq çox çətin anlar yaşadım, – Jana söyləyir. – Düşünürəm ki, bu, bir sahibkar olaraq mənə qaçınılmaz enişlərlə mübarizə aparmağa kömək edir. Sahibkarlıqdakı müvəffəqiyyətin açarı unikal qabiliyyətlərdə deyil. Yaradıcı dahi olmaqda da deyil. Hər şey daha sadədir – heç vaxt ruhdan düşmək olmaz”. 

Jana-dan bu təcrübənin onun idarəetmə tərzinə necə təsir etdiyini soruşdum. “Məncə, ailə problemləri ilə üzləşən bir çox uşaq üçün bu və ya digər çətinliyin öhdəsindən gəlmək asan  deyil, – deyə o, cavab verdi. – Onlar daim ayıq olurlar və düşünürəm ki, sahibkarlar da bu rejimdə işləyirlər. Siz digər insanlara etibar edib-etməyinizdən narahatsınız, həmişə ən pis variantlar haqqında düşünürsünüz. Bu, işçilərlə qurduğunuz münasibətlər üçün həm faydalı, həm də dağıdıcı ola bilər”. 

Bu mövzunu təkrar olaraq  Merryck & Co şirkətinin təcrübəli texnologiya rəhbəri və mentoru Jaklin de Roxas ilə danışdım. “Mən sərt bir ailədə böyümüşəm, – Jaklin söyləyir. – Hər həftə anamın gözləri altında yeni göyərtilər görürdüm və o, mənim 8 yaşım olanadək bunları dözürdü. Mənim üçün, xüsusilə də anam və qardaşım üçün çətin bir dövr idi. Atamın qəzəbinə düçar olmamaq üçün görünməz uşağa çevrilmişdim. Çox çətin bir dövr idi, amma belə şeylərlə qarşılaşdığınız zaman daha da dözümlü olursunuz”. 

“Texnologiya dünyasında tanınmış mütəxəssislərdən biri olduqdan sonra artıq başqa bir iş axtarmaq məcburiyyətində deyildim. Belə ki, sahib olduğum bacarıqlara yüksək tələb var, dayanıqlığım isə mənə əlavə üstünlük qazandırır. Məni küncə sıxın və ən yaxşı keyfiyyətlərini göstərəcəyəm, çünki dəfələrlə belə vəziyyətlərdə olmuşam”. 

Ondan bəzi insanların bu vəziyyətdən necə çıxa bildiyini soruşdum. “Mən  sadəcə orada qalmaq istəmədim, – deyə Jaklin söyləyir. – Bu çətin idi, lakin hər şeyin qarşılığını verməlisən. Bir tərəfdən çox israrlıyam, digər tərəfdən isə kömək istəməyi öyrəndim. Sağ qalmaq uğrunda mübarizə aparan insanlar kömək istəməyə çətinlik çəkirlər. Bu, sağlam və dolu həyat yaşamaq üçün ödədiyim qiymətdir”. 

Həyatın və liderliyin dəyişməz həqiqəti ondan ibarətdir ki, hər insanın gücü, eyni zamanda onun zəifliyi də ola bilər. Mübarizələrdən və uzunmüddətli problemlərdən bəhs edən Jana və Jaklin kimi liderlərin nümunələri ilə möhkəmliyin dəyərini daha yaxşı başa düşə bilərik. 

Bu dərs hər şeyi təkbaşına etməyə çalışmağa ehtiyac duymayan rəhbərlər üçün vacibdir. Hal-hazırda COVID-19 pandemiyasının mərkəzindəyik və liderlər bu misilsiz problemi həll etmək üçün əməkdaşlığa və etibarlı həmkarlarına etibar etməlidirlər. Sadəcə əlinizi uzadın və kömək istəyin. 

 

Son xəbərlər
Digər xəbərlər