XX ƏSİRDƏ BƏŞƏRİYYƏT 2 böyük layihənin və həmin layihələrin başa çatması ilə tarixi transformasiyaların şahidi oldu. Bu layihələrin həm iqtisadi, həm də siyasi hədəfləri olmuşdur. Burada yalnız iqtisadi məsələlərə toxunacağam.
Birinci layihə kommunizm adlandırılsa da, sosializm ictimai formasiyası idi. Məhz Engelsin dəstək, müasir terminlə desək sponsorluq və köməyi ilə K.Marksın yazdığı “Kapital” əsəri kapitalizmdən sonra daha ədalətli bir quruluşa ümid yaratdı. Nəzəri olaraq mükəmməl görünən bu quruluş 1917-ci ildə quruldu. Təsadüfən qurulmadı. Məhz yeni ictimai formasiyanın necə effekt verəcəyini təcrübədən keçirmək, görmək üçün quruldu. Bu artıq müxtəlif səviyyələrdə və hətta Rusiyanın özünün də tanınmış alimləri və ictimai xadimləri tərəfindən etiraf olunan faktdır. Lenin və Trotskinin xarici bank hesabları, onların yetişdirilməsi və sair bu kimi məsələlər artıq sensasiya sayılmır.
Hətta bu ictimai formasiyanı möhkəmləndirmək üçün 2 addım atıldı: 1) SSRİ-nin ətrafında da sosialist dövlətləri yarandı; 2) SSRİ-nin güclü silah sənayesi formalaşdırıldı (diqqət edin, məhz silah sənayesinə ciddi dəstəklər oldu. Digər sahələrdə istehsalda isə SSRİ ciddi şəkildə geri qalırdı). Artıq 70-ci illərdən etibarən bu quruluşun effektiv olmadığı və inkişafla ayaqlaşmadığı, əksinə dünyanın inkişafı üçün nəzərdə tutulan planlara (o cümlədən qloballaşmaya) mane olduğu aydın oldu. 1991-ci ildə bu layihə bitdi. Nəticədə, yeni dövlətlər yarandı.
İnkişaf etmiş və etməkdə olan bir çox dövlətlər varlandı. ABŞ özünün iqtisadi inkişaf tarixində 90-cı illərdə ən yüksək göstəricilərini qeyd etdi. Türkiyə Turqut Özalın da açılım proqramını tətbiq edərək, keçmiş sosialist dövlətlərinə ixrac və xidmət çeşidlərini kəmiyyət və keyfiyyət baxımından artıraraq özünün də inkişafına töhfə verdi. Sosializm çökdü, Varşava bloku dağıldı. Bir iqtisadi sistem (bazar iqtisadiyyatı əsası kapitalizm) qaldı. Dünya bir qütblü oldu.
İkinci ən böyük layihə 1920-ci illərdən addım-addım həyata keçirilməyə başlayan və 1933-cü ildə reallaşan layihə oldu. Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gəldi. Partiyanın adına fikir verək. Nasional Sosialist (“Nasizm” həm də Nasional Sosializm sözlərinin birləşməsidir) Alman Fəhlə Partiyası. Yeni dövlət(lər) qurulması və sair kimi siyasi nəticələrdən başqa bir neçə ciddi iqtisadi nəticələrlə (1929-1933-cü illərin böhranının nəticələri aradan qaldırıldı, 1944-cü il Bretton-Vuds sazişi ilə yeni iqtisadi dünya düzeni quruldu və dollar dünyanın rezerv valyutasına çevrildi və sair) bitən bu layihə dünyanın sonrakı illərdə müqəddəratında həlledici rol oynadı.
Üçüncü ən böyük layihə Çindir. Artıq sosialist quruluşunun effekt vermədiyi 1970-ci illərdən bəlli idi. Çinin iqtisadi inkişafı ilə ilk ciddi addımlar da məhz 1970-ci illərdən atılmağa başladı. Bu layihənin də digər 2 layihə ilə oxşar cəhətləri vardır. Bu layihə də sosializm, fəhlə, yeni quruluş və sair kimi terminlərlə zəngindir. İdeologiya da (sosializm, ədalət və sair) oxşardır. Çinin iqtisadi inkişafı heç bir ölkənin iqtisadi inkişafına bənzəmir. Ölkələrin iqtisadi inkişaf yollarını öyrənərkən bir neçə ölkəni qruplaşdırmaq və paralellər aparmaq mümkündür. Çinlə bağlı bu mümkün deyildir. Çin ayrıca öyrənilməli bir iqtisadiyyatdır. Hər 3 layihənin ortaq cəhətlərindən biri də budur ki, hər 3 dövlət (SSRİ, Almaniya və Çin) kifayət qədər kasıb idilər və gücləndikdən sonra nəinki ayrı-ayrı dövlətlərə, hətta dünya düzəninə təhdiq olmağa başladılar. 2 dövlətlə bağlı nəticələr göz önündədir.
Çinin indiki halı…
Çinin inkişafında özündən çox Britaniya, ABŞ, keçmiş sosialist ölkələri və dünyanın demək olar ki, bütün ölkələri daha çox rol oynadılar. ABŞ Çin ilə mənfi ticarət saldosu yaradaraq və uzun müddət göz yumaraq Çinə ixracını genişləndirmək hesabına 1,3 trilyon dollar ətrafında valyuta ehtiyatları yaratmağa imkan verdi. Ümumdünya Ticarət Təşkilatının da köməyi ilə qloballaşma adı altında ölkələrin gömrük tariflərini liberallaşdıraraq hətta ölkələrin özündə Çindən idxal olunan məhsulların istehsalına baxmayaraq yenə də idxala əngəl olmağa imkan vermədilər. Öz istehsalını qorumaq istəyən ölkələrə isə azad ticarəti boğmaq olmaz bəhanəsi ilə imkan verilmədi (burada söhbət daxili istehsaldan gedir, ölkədə istehsal olunmayıb idxal olunan malların rüsumlarından getmir). Burada incə məqama diqqət yetirək. SSRİ-də olduğu kimi Çində də əslində istehsal və sənaye inkişaf etmiş ölkələrdə olduğu kimi güclü deyil. Yəni, daha çox digər ölkələrin məhsullarını kopyalamaq və ya digər ölkələrin ucuz işçi qüvvəsi səbəbindən Çində istehsal etdiyi mallar üstünlük təşkil edirdi. Çində ciddi iqtisadi çətinliklər mövcuddur. Bəzi mənbələrə görə Çində problemli kreditlərin real (statistik deyil) səviyyəsi 20%-dən çoxdur. Digər tərəfdən, Çin özəl sektorda iflas edən şirkətlərin bir çoxunu milliləşdirir, onların borcları üçün banklara dövlət qarantiyası verir. Borcları banklara ödəmir, lakin dövlət qarantiyası olduğu üçün bu borcların risk dərəcəsi 0-a bərabər hesab olunur. Bu borclar restrukturizasiya olunduğu üçün vaxtı keçmiş borclar statusundan çıxır. Lakin, həcmi trilyonlarla dollar məbləğində hesablanan bu borcların böyük hissəsi hələ də qalmaqdadır. Əlavə olaraq, dövlət həmin müəssisəsələri subsidiya və dotasiyalar hesabına işlədir. Əsas məqsəd istehsalın və ixracın kəsilməməsi, iş yerlərinin bağlanmamasıdır. Doğrudur, bəzi müəssisələr sonralar rentabelli olsalar da, rentabelli olmayan müəssisələr daha çox qalmaqdadır. Burada Çinin borcu da spesifikdir. Dövlətin xarici borcundan daha çox daxili borcu mövcuddur. Həmin borcun böyük hissəsi isə dövlət müəssisələrinin banklara olan borcu və dövlətin banklarına olan zəmanətləri üzrə öhdəlikləridir.
2000-ci ilə qədər Çinlə bağlı hər şey qaydasında idi. 2000-ci ildən etibarən Çinin bir çox fərqli addımlar atması, texnoloji inkişaf, daha aqressiv ticarət və sair səbəblərdən həm inkişaf etmiş dövlətlərə, həm də dünya iqtisadiyyatı və düzəninə təhdid yaranmağa başladı. Çin BRICS kimi siyasi blokların yaradılmasında iştirak etdi. 2013-cü ildən etibarən isə daha iddialı siyasi-iqtisadi layihələr ortaya qoymağa başladı. Nəhayət 5G texnologiyası. Paralel olaraq ABŞ-da borcların, ticarət balansında kəsirlərin artması və sair mənfi amillər kəskinləşdikcə güzəşt siyasətinə son verilməsi qərarı da sərtləşdi. (xatırlatma: ilk dəfə Cisco şirkəti Huawey şirkətini müəlliflik hüquqlarını pozduğuna görə 2001-ci ildə məhkəməyə vermişdi. 2005-2006-cı illərdə ABŞ konqresində Çinə qarşı iqtisadi embarqolarla bağlı lahiyələr hazırlanmağa başladı. Yəni, Çinlə ticarət müharibəsi əslində hazırki ABŞ Prezidentinin şəxsi təşəbbüsü ilə başlayan bir məsələ deyil).
ABŞ-dakı seçki: istiqaməti təyin edə biləcək tarix
Qəribədir ki, (əslində burada qəribə heç nə yoxdur) demək olar ki, bütün koronaviruslar məhz Çində peyda olaraq dünyaya yayılmağa başladı. Nəhayət 2020-ci il və COVİD-19 virusu. 1918-20-ci illərdə ispan qripindən sonra dünyada formalaşmağa başlayan düzən və 2019-2021-ci illərdəki COVİD-19 qripindən sonra formalaşmağa başlayan yeni düzən. Qəribədir. Şübhəsiz ki, həm indiyə qədər dünyada yığılan iqtisadi problemlər və bunun üstünə pandemiya səbəbindən yaranan problemlərin həlli böyük addımların atılması ilə nəticələnəcək. Əlbəttə, Çin də öz mövqelərini asanlıqla əldən vermək fikrində olmayacaq. Burada ən böyük risklərdən biri də Çinin əhalisinin çox olması amilidir ki, məhz bu risk daha çox nəzərə alınır. Nüvə silahı həlledici amil deyildir. SSRİ-nin də nüvə silahı var idi.
Görünən budur ki, dünya siyasi səhnəsində ciddi tarixi hadisələrin şahidi olacağıq. Gedişatın istiqamət və sürətini təyin edəcək hadisələrdən biri də noyabrın 3-də ABŞ-da keçiriləcək seçkilər olacaq. Siyasətlə bağlı bu qədər.
Maliyyə sahəsində. 11 sentyabr 2001-ci il hadisələrindən sonra bank sirri qalmadı. SWIFT ABŞ-ın nəzarətinə keçdi. (xatırladım ki, dünyada maliyyə axınları və köçürmələrini həyata keçirən SWIFT`in 2005-ci ilə qədər serveri Belçikada idi. Security Key (təhlükəsizlik açarları) da Belçikanın ixtiyarında idi. SWIFT web üzərinə keçirildi. Hazırda bu nəzarət ABŞ-ın əlindədir). Bu ilk mərhələ idi. İkinci mərhələ 2021-ci ildən etibarən başlayacaq. Daha fərqli, ciddi və böyük sahələri əhatə edəcək. Amma, dolların aqibəti və hazırda haqqında geniş danışılan məsələlərin daha çox diqqəti əsas məsələlərdən yayındıran gündəm maddələri kimi qiymətləndirirəm. Şəxsi fikrimdir təbii ki.
İqtisadi sahədə. Əslində bütün məsələlərin kökündə məhz iqtisadi məsələlər durur. Siyasi və maliyyə sahələri iqtisadiyyata xidmət edir. Davamlı olaraq hamı üçün uduşlu ola biləcək bir iqtisadi formasiya, model, quruluş, dünya düzəni axtarışları davam edir. Çin modeli də özünü doğrultmadı və dünyada tətbiq oluna bilməz. Yeni model hansı olacaq? Əslində bu modelin konturları görünməyə başlayıb. Bu modelə transformasiya tədricən, ehtiyatla 2030-cu ilə qədər davam edəcək. Bu tranformasiya nəticəsində udan dövlətlər də olacaq, uduzan da. İqtisadi inkişafı sürətlənən dövlətlər də olacaq, geri qalan da. Söz sahibinə çevriləcək dövlətlər də olacaq, sözlərinin kəsəri zəifləyən də. Deməli, yeni tarixi hadisələrin və transformasiyanın şahidi olmaq qismətimizə yazılıbmış.
Müəllif: Elman Sadıqov, iqtisadçı ekspert.