9 C
Baku
Thursday, December 12, 2024

Nağdsız hesablaşmalar: icra və qayda pozuntusu hallarında tətbiq olunan cəzalar

“Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsindən 4 il keçir. Dörd ilin təcrübəsini necə səciyyələndirə bilərik?

Banker.az xəbər verir ki, buala maliyyə eksperti Vüqar Mirheydərov aydınlıq gətirir.

“Nağdsız hesablaşmalar haqqında” Qanun 16 dekabr 2016-cı ildə qəbul edilib. Ölkədə aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən etmək məqsədi daşıyan qanunun mətnində nağdsız hesablaşmalar anlayışına daxil olan əməliyyatların tərkibi (maddə 3.1), nağd şəkildə aparılmasına icazə verilən ödənişlərin maksimal həddi (maddə 3.3), məbləğindən asılı olmayaraq nağdsız şəkildə aparılması tələb olunan (maddə 3.4) və nağd şəkildə aparılmasına icazə verilən əməliyyatların siyahısı açıqlanır (maddə 3.5).

Qanunun qəbul edilməsi ilə eyni vaxtda Vergi Məcəlləsinə bu qanunun müddəalarının pozulması ilə əlaqədar vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyalarını tənzimləyən 58.7-1 maddə əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, ilkin versiyada bu sanksiyalar yalnız Qanunun 3.4-cü maddəsinin (yalnız nağdsız qaydada keçirilməsinə icazə verilən əməliyyatların nağd şəkildə aparılarkən) pozulmasına görə təyin edilmişdi. Dörd ay sonra – 14 aprel 2017-ci il tarixdə həmin maddəyə “Nağdsız hesablaşmalar haqqında” Qanunun digər müddəalarının pozulmasına görə maliyyə sanksiyaları da əlavə edildi. Bu, vergi ödəyicilərinə qanunun tələblərinə uyğunlaşmaq, işlərini onun müddəalarına görə tənzimləmək üçün müəyyən vaxt vermişdi.

Hazırda Vergi Məcəlləsinin 58.7-1 maddəsində “Nağdsız hesablaşmalar haqqında” Qanunun aşağıdakı maddələrinin pozulmasına görə vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

– 3.3-cü (15.000 və 30.000 manat həddini aşma), 3.4.4-cü (əməkhaqqının Qanunda nəzərdə tutulan hallar istisna olmaqla nağd şəkildə verilməsinə görə) və 3.4.7-ci (dövlət satınalma müqavilələri üzrə vəsaitlərin xərclənməsi) maddələrin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;

– 3.4.1-ci maddənin (kreditlərin verilməsi və lizinq əməliyyatları üzrə borcların qaytarılması) tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;

– 3.4.2-ci (sığorta əməliyyatlarının aparılması) maddənin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;

– 3.4.3-cü maddəsinin (dövlət orqanlarına ödənişlər) tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;

– 3.4.5-ci maddənin (stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi) tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;

– 3.4.6-cı maddənin (faizsiz pul vəsaitlərinin ödənilməsi və qaytarılması) tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;

– 3.4.8-ci maddənin (təhsil haqlarının ödənilməsi) tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;

– 3.4.9-cu maddənin (turagentlərə ödəmələr) tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə.

Gördüyünüz kimi, qeyd olunan bütün hallarda eyni maliyyə sanksiyası tətbiq edilir, sadəcə həmin sanksiyanın tətbiq edilməsində fərqlər mövcuddur. Məsələn, Qanun kreditlərin və ya əməkhaqqının verilməsi zamanı pozulduğu halda maliyyə sanksiyası pulu verən tərəfə, stasionar telefon ödənişləri, kommunal ödənişləri, təhsil haqqı və ya turagentlərə ödənişlər zamanı pozulduqda isə pul vəsaitlərini alan tərəfə tətbiq olunur.

Bir məqama diqqət yetirmək istərdim ki, nağdsız hesablaşma anlayışının Qanunda kifayət qədər geniş verilməsinə baxmayaraq, ödəniş terminalları vasitəsi ilə həyata keçirilən hesablaşmalar və ya nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar da nağdsız hesablaşma kimi qəbul edilir. Qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olduğu hallarda onların arasında bütün hesablaşmalar yalnız 3.1.1-ci maddədə müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, 3.1.1-ci maddədə sadalanan hesablaşmalara həmçinin ödəniş kartları, mobil telefon və ya kompüter vasitəsilə aparılan hesablaşmalar da daxildir. Bunu nəzərə alsaq, bəzi vergi ödəyicilərinin satdığı mal (iş, xidmət) üzrə ödənişlər ödəniş kartları vasitəsilə ödənildikdə elektron qaimə-faktura verməkdən imtina etmələri qəribə görünür. Bu, Qanunun 3.1.1-ci maddəsinə səhv yanaşmanın nəticəsi ola bilər. Vergi ödəyicilərinin nəzərinə çatdıraq ki, Vergi Məcəlləsində Qanunun 3.2-ci maddəsinin pozulmasına görə (halbuki ödəniş kartı ilə aparılan hesablaşma heç də bu maddənin pozuntusu kimi qəbul edilə bilməz) hansısa maliyyə sanksiyası nəzərdə tutulmayıb. Malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə isə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Daha bir məsələ də maraq doğurur: “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulması xərcin gəlirdən çıxılması məsələsində də problem yarada bilər. Qanunun 3.2-ci maddəsinə əsasən, hər ikisi vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar yalnız bank hesabları vasitəsilə həyata keçirilməlidir. Sözsüz ki, nağd ödəniş olduğu halda qarşı tərəfdən elektron qaimə-fakturanın alınması müşkül məsələyə çevrilir. Əksər hallarda satıcı hansısa bir çek və ya mədaxil qəbzi verməklə canını qurtarmağa çalışır. Bu sənədlər isə Vergi Məcəlləsinin 109.8-ci maddəsinin tələbləri baxımından xərci təsdiq edən sənəd sayılmır.

Vergi ödəyiciləri öz fəaliyyətlərində nağdsız hesablaşmalara üstünlük verdikdə vergi güzəştlərindən yararlanmaq imkanı da əldə edirlər. Vergi Məcəlləsinin 102.1.24, 106.9, 218-1.2-ci maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərinin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəşt 2019-cu il yanvarın 1-dən 3 il müddətinə qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər