2 C
Baku
Sunday, December 15, 2024

2021-ci il üzrə ödəniləcək icbari tibbi sığorta haqqının adambaşına düşən məbləği müəyyənləşdi

Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli qərarında dəyişiklik edilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

Belə ki, icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə sığorta haqqının adambaşına düşən məbləği 90 manat müəyyən edilib. 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə sığorta haqqı 90 manat (2020-ci il üçün) + 90 manat * ölkə üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi inflasiya səviyyəsi miqdarında müəyyən edilib. 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə isə sağorta haqqı 67,5 manat + 67,5 manat * ölkə üzrə istehlak qiymətlərinin indeksi cəmi miqdarında müəyyən edilib.

Misal üçün, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2 faiz təşkil edərsə, 2021-ci ilin yanvar ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 91 manat 80 qəpik (90 manat + 90 manat x 2%), 2021-ci ilin aprel ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 68 manat 85 qəpik (67,5 manat + 67,5 manat x 2%) təşkil edəcək.

Qeyd edək ki, birinci mərhələdə icbari tibbi sığorta cari ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən daha 36 şəhər və rayon – Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər