Son dövrlər ölkənin bütünlükdə iqtisadi həyatında baş verən ciddi dəyişikliklər sığorta bazarındanda yan keçməyib. Bu bazarda baş verənlər və gələcək tendensiyalar barədə ekspert Xəyal Məmmədxanlı öz yazısında söz açır.
COVID-19 kimi yoluxucu xəstəliklərin son dövrlərdə daha tez-tez baş verməsi bir çox sahədə insanların davranış və düşüncələrində dəyişikliklərə səbəb olmaqdadır. Belə dəyişən sahələrdən və sektorlardan biri, bəlkə birincisi də təbii ki, sığorta sektorudur. Gözlənilməz risklərlə, itkilərlə, sürprizlərlə qarşılaşan insanlar sığortaya dair daha çox məlumat toplamağa başladılar. Hal-hazırda inkişaf etmiş ölkələrdə insanların əksəriyyəti indi sığortaya bu cür gözlənilməz vəziyyətlərdən müdafiə (ən azından gələcək üçün) yollarından biri kimi baxır və belə risklərə hazır olmağın zərurəti kimi qəbul edirlər. Aparılan araşdırmalar göstərir ki, koronavirus pandemiyası başlamazdan əvvəl insanların yalnız 10% – i öz tibbi sığorta paketlərinin içərisində yoluxucu və pandemiya xəstəliklərinin olub-olmaması ilə maraqlanırdısa, indi bu faiz təxminən 70 % ə yüksəlib. Yəni, artıq hər 100 nəfərdən 70 i tibbi sığortanı COVID – 19 kimi gözlənilməz pandemik xəstəliklərlə mübarizə üçün bir zərurət hesab edir.
Eyni zamanda sığorta şirkətləri də COVID – 19 böhranı zamanı bir çox müəssisələrin iflas olmasından, yaşadıqları böhrandan sonra bu cür virusların yeni bir dünya normalına çevrilə biləcəyini düşündükləri üçün bütün dünya üçün yeni məhsullar yaratmağa başladılar. Belə yeni ‘’pandemiyaya dözümlü’’ sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanma şansı verir. Həm mövcud sığortaçılar, həm də böhrandan doğulan yeni oyunçular bu fürsətdən istifadə edərək pandemiya risklərini öz mövcud məhsullarına əlavə etməklə ya da bu cür riskləri ehtiva edən yeni məhsullar yaratmaqla bazarda qalmağı və böyüməyi hədəfləyirlər. Belə məhsullardan bəzilərinə misal olaraq:
COVID-19 təminatlı xüsusi tibbi sığorta məhsulları
Əslində COVİD-19 günümüz qara etmədən öncə əksər ölkələrin sığorta şirkətlərinin tibbi sığorta məhsullarında bu risklər təminata daxil idi. Yaxın keçmişdə SARS, MERS, EBOLA kimi xəstəliklərdən əziyyət çəkmiş ölkələr istisna olmaqla, digər ölkələrdə belə xəstəlikləri risk olaraq görməmişdilər.
Çünki, daha öncə adını çəkdiyimiz bu xəstəliklər bütün dünyanı əhatə edərək bu dərəcədə ciddi pandemiyaya səbəb olmamışdı və daha çox lokal xarakter daşımışdı. O cümlədən Azərbaycan sığorta şirkətlərinin tibbi sığorta təkliflərində bu tip yoluxucu pandemiyalar adətən istisna olunmurdu və təminata daxil idi.
Lakin, COVİD – 19 bütün dünyada sığorta şirkətlərinin öz tibbi sığorta məhsullarına yenidən baxmasına səbəb oldu. Şirkətlər daha çox 3 cür addım atdılar: birinci addım ümumiyyətlə pandemiyaların istisnalara salınması idisə, ikinci addım pandemiyaları ehtiva edən mövcud sığorta məhsullarının qiymətini və şərtlərini dəyişdirmək oldu. Üçüncü addım isə tamamilə yeni COVİD-19 tibbi məhsullarının yaradılması ilə xarakterizə olundu. Ölkəmizdə əksər sığorta şirkətləri bu məsələnin üstündən susaraq keçdilərsə, lakin bəzi aparıcı şirkətlər COVİD – 19 sığortası ilə yeni marketinq addımları atdılar və yeni müştərilər cəlb etməyə çalışdılar.
Sürdüyün qədər ödə
Əksər şirkətlər və insanlar davam edən COVID – 19 pandemiyası səbəbilə evdən işləmək siyasətini tətbiq etdikləri üçün, minik və şəxsi avtomobillərdən istifadə intensivliyində, o cümlədən avtomobillərlə qət edilən məsafələrdə bütün dünya miqyasında kəskin azalma baş verdi. Yenə aparılan bir araşdırmanın nəticəsinə görə mart ayının ortalarından avqust ayının ilk həftəsinə qədər bütün dünyada avtomobillərlə gedilən kilometraj 50% – dən çox azalıb. Heç kəsə sirr deyil ki, avtomobil sığortası qiymətləri risk dərəcəsinə görə müəyyən edilir. Riskə ən çox təsir edən amil isə avtomobilin gün (il) ərzində qət etdiyi məsafədir.
Bunu əsas götürərək, bir sıra sığorta şirkətləri istifadə intensvliyinə əsaslanan avtomobil sığortaları təklif etməyə başladılar. Mənim hələ 2010 cu ildə, Alfa Sığortanın rəhbərliyində ikən yaratdığım ‘’Alfa Milaj’’ (Alfa Mileage) məhsuluna bənzər məhsullar yarandı. Fərqli sığortaçılar tərəfindən tətbiq edilən bu yeni avtomobil sığortası növü, avtomobil sahiblərinə, bir il ərzində getdikləri məsafəyə görə sığorta haqqı ödəmək imkanı verir. Lakin, Azərbaycanda hazırda analoji məhsul demək olar ki, yoxdur.
Telesatışla tibbi sığorta
COVID-19 böhranı, həm həyat, həm də sağlamlıq sığortası sahəsində sığorta anderaytinqini həyata keçirmək üçün texnologiyanın oynaya biləcəyi əhəmiyyətli rolu qabartdı. Əgər daha əvvəllər sığorta anderraytinqi müştərilərə üzbəüz ünsiyyət vasitəsilə aparılırdısa, hazırki mövcud mühitdə sığortalıların riskini qiymətləndirmək üçün daha sürətli, daha etibarlı və daha operativ bir yol olaraq teleqiymətləndirmə ortaya çıxdı. Şübhəsiz ki, əgər bu metod özünü doğruldarsa, yaxın gələcəkdə normaya çevriləcəyi qaçılmazdır, yəqin ki, əksər sığorta şirkətləri tərəfindən daha asan və daha geniş qəbul ediləcəkdir.
Teleqiymətləndirmə yolu ilə tibbi sığorta polisi satarkən, sığortaçı sığortalının sağlamlıq vəziyyəti, həyat tərzi vərdişləri ilə bağlı suallar verir, daha sonra sığortalı sığortaçı tərəfindən təyin olunmuş həkimlə onlayn görüşərək sağlamlıq vəziyyəti barədə bəyannamə verir. Normal dürüst cəmiyyətlərdə, sığorta mədəniyyətinin yüksək inkişaf etdiyi ölkələrdə bu metodun çox yüksək nəticə verəcəyini ümid etsəm də, bizim kimi cəmiyyətlərin isə bundan hələlik bir az uzaq olduğunu hesab edirəm.
Sığorta sektorunda rəqəmsal transformasiyalar
Son bir neçə ayda rəqəmsal texnologiyalar dünya miqyasında bütün sektorları olduğu kimi sığorta sektorunu da dəyişdirir. Tətbiqetmələr və sosial media vasitəsilə rəqəmsal platformalarda sığortaçıların iştirakı onların birbaşa müştərilərə çatmasına və onlarla əlaqə qurmasına imkan yaradır. Daha öncə müştəri ilə canlı təmas vasitəsilə həll etdiyi məsələlərin artıq əksəriyyətini onlayn rejimdə, müasir texnoloji imkanlardan istifadə etməklə icra edir. Əslində bu proses illər öncə başlamışdı, lakin pandemiya bu prosesləri daha da sürətləndirdi və artıq geriyə dönüş yoxdur.
Daha da aktuallaşan sığorta növləri
Pandemiya bir sıra sığorta növlərinin də ‘’üzünə güldü’’. Daha öncə olduqca ağır satılan bir sıra sığorta məhsullarına tələbat yüksəldi. Misal üçün, son dönəmlərdə ‘’pandemiya səbəbindən gəlir itkisi sığortası’’ müştərilərin arzu etdiyi sığorta təminatlarından birinə çevrilməkdədir. Eyni zamanda pandemiya səbəbindən işlərin gecikməsi, gəlirin aşağı düşməsi, şirkətlərin müflisləşməsi riskləri müvafiq olaraq ‘’müqavilələrdən irəli gələn məsuliyyət sığortalarına’’ və ‘’direktor və rəhbər şəxslərin məsuliyyət sığortalarına’’ xüsusi maraq yaratmaqdadır. Doğrudur, bu sığorta növləri Azərbaycan istehlakçısına xeyli yad olsa da, yaxın gələcəkdə bizdən də yan keçməyəcəyini proqnozlaşdırmaq olar.
Pandemiya və Azərbaycan sığorta bazarı
Gəldik məqaləmizin ən maraqlı qisminə. Heç kəsə sirr deyil ki, pandemiya başlayandan, xüsusilə də sərt karantin rejiminin tətbiqindən sonra ölkəmizdə iqtsadi aktivlik ciddi şəkildə aşağı düşmüşdür. Apardığımız sorğular da həm biznes subyektlərinin, həm də vətəndaşların pandemiyadan ciddi zərər çəkdiyini göstərir. Hətta, sığorta şirkətlərinin əməkdaşları, o cümlədən sığorta agentləri biznesin zəiflədiyini bildirirlər. LAKİN, statistika və rəqəmlər bunu demir. Əksinə, rəqəmlər sığorta bazarının ötən ilə nisbətən böyüdüyündən, demək olar ki, əksər sığorta növləri üzrə yığımların artmasından xəbər verir, həm də 2 sığorta şirkətinin fəaliyyətini dayandırmasına baxmayaraq. Azalmanın müşahidə olunduğu əsas sığorta növləri içərisində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını və səyahət sığortasını göstərmək olar. Rəqəmlərin doğru olduğunu qəbul etsək, o zaman bunu 2 səbəblə izah edə bilərik. Birincisi, deyə bilərik ki, sığorta şirkətlərimizin hamısı pandemiyaya hazır idi, onlayn rejimdə daha effektiv çalışdılar, yeni məhsullar yaratdılar, müştərilərlə daha gözəl kommunikasiya qurdular və s. İstərdim ki, səbəb bu olsun, amma, xeyr, səbəb bu deyil, belə olmadığını hər kəs gözəl bilir. İkincisi isə, deyə bilərik ki, Azərbaycan sığorta bazarı pərakəndə açıq bazardan daha çox korporativ, o cümlədən sabit müştərilərlə çalışan bir bazardır. Əhalinin gəlirləri, biznesin durumu sığorta bazarı ilə düz mütənasib deyil. Müştərilər əsasən hər ilki müştərilərdir və adəti üzrə sığorta müqavilələrini bağlayırlar. Bu versiya daha inandırıcıdır, xüsusilə də son 3 il ərzində sığorta bazarının həcminin demək olar ki, eyni rəqəm ətrafında dövr etməsi bu ehtimalımızı daha da gücləndirir.