“Amrah” brendi altında fəaliyyət göstərən maliyyə qurumunun səhmdarları gələcəyini müzakirə etmək üçün toplaşır.
Banker.az bildirir ki, “Amrah Sığorta” ASC-nin səhmdarları gələn ayın, yəni, oktyabrın 16-da toplaşacaqlar.
Səhmdarların toplanışının məqsədi isə “Amrah Sığorta”nın gələcək fəaliyyəti ilə bağlı müzakirə aparılacaq. Həmin gündəliyə yalnız bu məsələnin müzakirəsi çıxarılıb.
“Amrah Sığorta” ASC nizamnamə kapitalını bu ilin avqustunda 6% artıraraq 5 milyon manatdan 5,3 milyon manata çatdırıb.
Görünür, bu sığorta şirkəti bazarda qalmaq üçün yeni imkanlar axtarışındadır ki, ayaqda qalsın.
Bu şirkətə yaxın olan “Amrah Bank” ASC bağlansa da hələ ki, “Rəvan Sığorta”dakı kimi olmayacağı görünür. Eyni hal vaxtı ilə “Bank Standard”ın bağlanmasından sonra da müşahidə edildi. Bank bağlandı, ona yaxın sığorta şirkəti bir müddət fəaliyyət göstərdi. Lakin, sonda bazarda qala bilmədi.
“Amrah Sığorta”nın iki səhmdarı vaxtı ilə bank kimi fəaliyyət göstərən “Amrah Bank”da da payı vardır. “Amrah Sığorta”da Yunis İldırımzadənin payı – 85% və Əmrah İldırımzadənin – 15% səhm payı var. Bu iki şəxsin “Amrah Bank”da ardıcıl olaraq 53.16% və 0.33% payları var idi.
İyul ayında isə Sığorta Şirkətinin İdarə Heyəti sədri “Azərbaycan Mərkəzi Bankının “Amrah Bank” ASC-nin lisenziyasını ləğv etməsinin “Amrah Sığorta”ya mənfi təsiri azdır və şirkətin bazarı tərk etməsi gözlənilmir”- deyə, bildirmişdi.
Keçmiş təcrübədə bankların bağlanmasından bir müddət sonra sığorta şirkətlərinin fəaliyyətinin də dayanmasını görmüşük.
Buna misal olaraq “Royal Bank” (Röyal Sığorta) və “Bank Standard”ı ( Standard Insurance) misal da göstərmək olar. Hansı ki, “ana şirkətin” ləğvindən sonra onlar da bazardakı öz fəaliyyətini dayandırmışdır.