“Snowflake” bulud xidmətinin səhmləri IPO ərəfəsində 120 dollar, birjada 245 dollar, hərraclar sona çatdıqda isə 253 dollar dəyərində qiymətləndirilib. Banker.az xəbər verir ki, investorlar şirkəti 70,4 milyard dollar dəyərində qiymətləndiriblər – bu, 2020-ci ilin fevral ayından beş qat çoxdur.
“Snowflake” 3,4 milyard dollar cəlb edib ki, bu da proqram təminatı istehsalçısının ən böyük IPO-sudur. Xatırladaq ki, əvvəlki rekord 2007-ci ildə qeydə alınıb və 1 milyard dollar təşkil edib.
Şirkət Uorren Baffetin “Berkshire Hathaway” holdinqi və “Salesforse” bulud xidməti tərəfindən güvən votumu qazanıb. Xatırladaq ki, “Snowflake” 2012-ci ildə yaranıb və müştərilərə sürətli analiz və böyük həcmdə məlumat mübadiləsi üçün texnologiya təqdim edir. Şirkətin illik gəliri 500 milyon dolları ötüb, 2020-ci ilin birinci yarısında bu göstərici 130%-dən çox artıb.
CNBC-nin bildirdiyi kimi, “Snowflake”in maliyyə göstəriciləri digər bulud xidmətləri ilə paralel olaraq artır. Bunlar arasında “Amazon”, “Microsoft”, “Twilio”, “Square”, “PayPal”, “CrowdStrike” və “Datadog” var.