“Microsoft”un qurucusu Bill Qeyts, koronavirus pandemiyasının ən yaxşı halda 2022-ci ildə sona çatacağını proqnozlaşdırıb. Banker.az xəbər verir ki, bu barədə o, “Fox”a verdiyi müsahibə zamanı məlumat verib.
“Pandemiyanın sonu ən yaxşı halda 2022-ci ildə olacaq. Lakin 2021-ci il ərzində qlobal səviyyədə mübarizə aparsaq, virusun yayılmasını azalda bilərik. Allaha şükürlər olsun ki, peyvənd texnologiyası artıq mövcuddur, ən yaxşı mütəxəssisləri cəlb etmək üçün maliyyə resursumuz da var. Buna görə bütün bunların tezliklə bitəcəyini düşünürəm”, – deyə Bill söyləyib.
Milyarderin sözlərinə görə, ABŞ peyvəndin hazırlanmasında əldə edilən irəliləyiş sayəsində 2021-ci ilin yayında normal həyata qayıda biləcək. Eyni zamanda Bill Qeyts bildirir ki, o, ABŞ-ın yoxsul ölkələrdə peyvəndin istehsalı və yayılması üçün heç nə etməməsinə görə məyusdur.
Xatırladaq ki, Bill Qeytsin xeyriyyə fondu Cobid-19 ilə mübarizəyə 650 milyon dollar vəsait ayırıb.
Milyarder dəfələrlə Covid-19 ilə mübarizə siyasətini tənqid edib. İyul ayında o, ABŞ-da koronavirus testlərinin keçirilməsini vaxt itkisi adlandırıb, ayrı-ayrı ölkələrin təşkil etdiyi “peyvənd yarışı”nı isə mənfi qiymətləndirib.