Avropa ölkələri koronavirusa yoluxanların sayındakı artımın qarşısının alınmasında sərt məhdudiyyətlərdən qaçmağa çalışırlar və bu səbəbdən yeni bir strategiyaya əl atıblar – “yüngül karantin”.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yaz aylarında müşahidə etdiyimiz özünütəcrid rejimi və biznesin fəaliyyətinin dayandırılması əvəzinə, payız yanaşması konkret “qaynar nöqtələr”ə diqqət yetirməyi nəzərdə tutur: məsələn, yoluxma ehtimalı yüksək olan rayonlar, gecə klubları və özəl yığıncaqlar. Bununla yanaşı, iqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi aktiv olaraq qalır.
Fransa, İspaniya, Böyük Britaniya və digər ölkələrdə yoluxma hallarının artmasına baxmayaraq, ölüm nisbətinin aşağı olması “yüngül karantin” strategiyasından istifadə etməyə imkan yaradır. Lokal və çevik karantinlər ən azı gələn ilə qədər, yəni ölkələr təsirli və əlçatan olan peyvənd ixtira edənə kimi davam edəcək.
Qərbi Avropada hökumətlər axşam saat 10-dan sonra müəssisələrin fəaliyyətini məhdudlaşdırmaq, ictimai yerlərdə maska rejimini sərtləşdirmək və toplaşanların sayın limit tətbiq etmək kimi tədbirlərə əl atırlar. İngiltərənin baş naziri Boris Conson insanları yaxın altı ayda distant işləmə çağırıb. Yoluxanların sayının sürətlə artığı Fransanın Marsel şəhərində restoranlar və “pub”lar bağlanacaq, Madriddə isə bir neçə rayon sakinlərinə üzrlü səbəb olmadan şəhəri tərk etmək qadağan edilib.