Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 11-dək aparılacaq.
DİM-dən verilən məlumata görə, imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcək (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənmək mümkündür). İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcəkdir. Buraxılış vərəqininin əldə edilməsi qaydası barədə məlumat qeydiyyat bitdikdən bir müddət sonra veriləcək.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanın I mərhələsində iştirak üçün ödəniş 94.40 AZN-dir (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil və ya orta ixtisas təhsili haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub – olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Namizədlərin imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
“Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
“Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün.
İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır.
İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar DİM tərəfindən Aqrar Sığorta Fonduna təqdim olunur.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilib. Təlimlər haqqında məlumat həmin qərarda verilmişdir. Namizədlər qərarla yaxından tanış olmalı, DİM-in (dim.gov.az) və Aqrar Sığorta Fondunun saytını (http://www.asf.gov.az/) mütəmadi olaraq izləməlidirlər.
Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramları əsasında imtahanın II mərhələsində iştirak edirlər.
İmtahanın II mərhələsi haqqında məlumat təlimlər başa çatdıqdan sonra DİM-in internet səhifəsində veriləcək.