14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanlıdan 4 milyon pul oğurlayanlar tutuldu

Rusiya İstintaq Komitəsi aerportlarda dəfələrlə fərdi şəkildə qeyri-leqal pul daşıyanlara basqın edərək milyonlarla dolları qəsb edən banda üzvlərinə qarşı bu gün həyata keçirilən xüsusi əməliyyat haqda məlumat yayıb.

Banker.az Virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyat bu gün səhər banda üzvlərinin evlərində həyata keçirilib. Əməliyyat zamanı cəmi 12 nəfər həbs olunub, onların arasında  Mərkəz federal dairəsi üzrə nəqliyyatda OMON İdarəsinin iki əməkdaşı, habelə Baltikyanı respublikalarından birindən olan “vor zakon” da var.

Quldurların evlərində iki avtomat, üç tapança, döyüş sursatları və radiostansiya, kamuflyaj formaları, maskalar, əlcəklər, basqın əməliyyatlarında istifadə olunan onlarla mobil telefon aşkar edilib. İstintaq Komitəsi bildirir ki, banda üzvləri aerportlardan birində qeyri-leqal pul daşıyan kuryerə qarşı yeni əməliyyat planlaşdırmışdılar. Bu basqın əməliyyatında avtomat silahlar, partlayıcı qurğular, həmçinin bir neçə bahalı avtomaşından istifadə edilməsi nəzərdə tutulmuşdu.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, banda üzvlərinin izinə məhz bu basqın planı barədə əməliyyat məlumatı əsasında düşmək mümkün olub. Məlumata görə banda üzvləri yaxın günlərdə Moskva aeroportunun ərazisində daha bir biznesmenə basqın edib onun daşıdığı pulları ələ keçirməyə hazırlaşırdı.

Banker.az maskalı və avtomatla silahlanmış, kamulyajlı banda üzvlərinin ötən ilin payızındadan etibarən Sankt-Peterburqun “Pulkovo” və Moskvanın “Domodedovo” aerportlarında qeyri-leqal pul daşıyan azərbaycanlı biznesmenlərə basqın edərək onların milyonlarla dollar pulunu qəsb etdikləri barədə xəbər verib.

Bu hadisələrdən biri 2014-cü il mayın 5-də Moskva vaxtı ilə səhər saat 8 radələrində baş verib. OMON formasında olan və avtomatla silahlanmış bir qrup maskalı şəxs aeroportun E terminalının çıxışında Azərbaycan vətəndaşına hücum edərək onun əllərini qandallayıb. Daha sonra həmin şəxsin daşıdığı çemodanları götürərək yaxınlıqda onları gözləyən mikroavtobusla aradan çıxıblar. Çemodanlarda 4 milyon dollar nağd pul olduğu bildirilirdi. Basqına məruz qalan şəxsin kimliyi açıqlanmırdı.

Daha sonra məlum olub ki, milyonlarla dollar nağd pulu daşıyan şəxs Moskvadakı özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. OMON formasında olan silahlılar onun daşıdığı 3 milyon 300 min dollar nağd pulu, habelə üstündəki tapançanı götürərək aradan çıxıblar. “Basqınçılar bu iki şəxsi avtomatlarla hədələyərək döyüblər, əllərinə plastik qandallar keçiriblər və patronları olmayan xidməti “İJ-71” tapançasını, nağd dollarla dolu iki çemodanı götürərək “Kadillak” markalı avtomobillə hadisə yerindən qaçıblar. Müəyyən olunub ki, özəl mühafizə şirkətinin və özəl inkassator firmasının əməkdaşları pulları hücumdan cəmi bir neçə saniyə əvvəl Dubaydan uçan səhər reysi ilə aeroporta gələn Azərbaycan vətəndaşından alıblar” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Soyğunçuları tapmaq üçün Moskvada və Moskvaətrafı vilayətdə başladılan əməliyyat nəticə verməyib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Analoji hadisə ötən ilin sentyabrında Sankt-Peterburqun “Pulkovo” aeroportunda da baş vermişdi. Eyni ssenari ilə hərəkət edən, OMON forması geymiş silahlı maskalılar aeroportun çıxışında Türkiyədən gələn Azərbaycan vətəndaşına basqın edərək onun daşıdığı 2 milyon dollar nağd pulu götürmüş və aradan çıxmışdılar.

Bu hadisədən çox keçmədən eyni soyğunçuluq hadisəsi Moskvada baş verdi. 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov “Şeremetyevo” aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə  aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar.

Son xəbərlər
Digər xəbərlər