“Beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür”.
Bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir:
“Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır – gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq”.