Vəhbi Qoç (d. 1901-ö. 1996) — Türkiyənin məşhur Qoç Şirkətlər Qrupunun yaradıcısı.
Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 1917-ci ildə Ankarada 16 yaşında ikən atasının məsləhəti ilə kiçik baqqal dükanını açmaqla başlayıb.
Hazırkı Qoç Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes I Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı.
1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi.
Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. 1926-cı il mayın 31-də o, Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illər Türkiyədə biznesin inkişafına ümid az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Paytaxtda tikinti və inşaat fəaliyyətçiliyi də elə həmin vaxtlar işə düşür, bu isə Qoç üçün yeni ehtiyaclar demək idi və o, bu yeni ehtiyacları ödəmək məqsədilə biznesini genişləndirir. Vəhbi Qoçun növbəti addımı Ankaradan İstanbula köçməsi olur. Qoç anla yır ki, İstanbuldakı bazar böyük potensial təklif edir. Nəticədə Vəhbi Qoç bəzi inşaat işləri ilə yanaşı yeni dükan və ticarət evləri də açır. Həmin mərhələdə bir sıra satış müqavilələri və nümayəndəlik razılaşmaları imzalamaqla Qoç öz biznesini şaxələndirməyə səy göstərir.
1931-ci ildə Avropaya, 1946-cı ildə isə Birləşmiş Ştatlara səfərləri zamanı orada universitetlər, tələbə yataqxanaları və xə stəxanalar açan fondların fəaliyyətiylə yaxından tanışlıq Vəhbi Qoçu xeyriyy çiliyə xeyli ilhamlandırır. Elə o vaxtdan etibarən Qoç fondları yaratmağa böyük əhəmiyyət verir.
1969-cu il yanvarın 17-də Vəhbi Qoçun yaratdığı fond diqqəti üç əsas sahəyə yönəltmişdi: təhsil, səhiyyə və mədəniyyət. Fond cəmiyyətə həmin sahələrdə fəaliyyət göstərən mövcud işlək təşkilatları himayə etməklə, bacarıqlı, lakin maddi imkanı olmayan gənclərə təqaüd verməklə, təşkilatlar yartmaqla xidmət göstərirdi.
Vəhbi Qoç Fondu hər zaman özünün bütün xidmət sahələrinin keyfiyyət və davamlılığının xırdalıqlarına qədər diqqət yetirirdi. Fond maliyyə dəstəyi kimi dövlətə onun nəzdində olan bir çox məktəb, tələbə yataqxanası və klinikaların inşasına sponsorluq edirdi.
Məşhur milyarder Fondu institutlaşdırılmış və dayanıqlı xeyriyyə xidmətləri göstərmək məqsədilə təsis etmişdi. Vəhbi Qoçda sosial problemlərin həllində fərdi məsuliyyətin vacibliyinə möhkəm inam var idi. Onun bütün həyat təcrübəsi bu prinsipə sadiqliyini sübut edir.
Fondun mədəniyyət və incəsənət sahəsində gördüyü işlər xüsusilə diqqətəlayiqdir. “Qüdrətli Süleymaniyyə erası”, “Osmanlı dövrünün geyimləri” kimi kitablar fond tərəfindən nəşr edilib. İtalyan və türk dillərindəki incəsənət toplusunun nəşri də fondun sponsorluğu sayəsində işıq üzü görüb.
1990-cı ildə yaradılmış Tofaş Fiat Fondu spesifik məqsədlər üçün ianələr toplamağa başladı. Həmin ianələr Türkiyə və İtaliyada taqaüdlər verilməsi, İstanbuldakı italyan xəstəxanasının bərpası, Turkiyə ərazisindəki qədim Pamukkale şəhərində arxeoloji qazıntıların təşkili, italyan memarı Darankosun modern incəsənət üslubunda (XIX əsrin sonu, XX əsrin əvvəlləri) İstanbulda yaratdğı binaların bərpası kimi sosial xidmətlərin təşkilində istifadə olunurdu.
1996-cı il yanvarın 18-də Vəhbi Qoç Fondu və Fiat Türkiyə Qrupunun birgə sponsorluğu ilə “Şərqə baxış: neo-klassizmdən 20-ci yüzilliyə qədər İslam dünyası italyan qrafikasında” sərgisini təşkil etdilər və bundan sonra Fiat Türkiyə Qrupu “Şərqə baxış” adlı kitabı nəşr etdi.
Mədəni irsin mühafizəsinə aid Qoç Fondunun təsisatları sırasına Sadberk Xanım Muzeyi, Suna-İnan Kırac – Aralıq dənizi sivilizasiyasının Araşdırma Mərkəzi, Vəhbi Qoç və Ankara araşdırma mərkəzləri daxildir.
Qoç Fondunun təhsil şəbəkəsinə Qoç məktəblərindən əlavə Qoç özəl ibtidai və özəl ali məktəbləri daxildir. Bu sırada Türkiyənin ali təhsil haqqında qanununa uyğun olaraq Nazirlər Şurasının qərarı ilə təsis etdiyi və dövlət institutu kimi təsnifatlandırılan Qoç Universiteti də daxildir.
Fondun səhiyyə şəbəkəsinə MedAmerikan Ambulator klinikaları, amerikan xəstəxanası, Vəhbi Qoç Fondunun maliyyələşdirdiyi Türkiyə ailə sağlamlığı və plan laşdırma fondları və başqa tibbi təsisatlar da daxildir.
2003-cü ildə Türkiyənin ilk çoxmərhələli fondu olan Vəhbi Qoç Fondu yaradılmasının 34-cü ildönümünü qeyd etdi. 1989-cu ildə 20-ci ildönümü qeyd olunarkən fondların Ali Rəhbərlik Assambleyası tərəfindən Qoç Fondu “İlin ən uğurlu fondu” seçilmişdi. Turkiyənin o zamankı prezidenti Turqut Özal Dövlət İncəsənət Muzeyində bu münasibətlə keçirilən mərasimdə Vəhbi Qoçu Şərəf mükafatı ilə təltif etmişdi.