Amerikanın aparıcı qəzetləri (“New York Times”, “Wall Street Journal” və “Washington Post”) koronavirusa yoluxmaq riski səbəbindən jurnalistlərinə Donald Trampın kampaniya tədbirlərində iştirak etməyi qadağan edib.
Banker.az xəbər verir ki, bu barədə “New York Times” məlumat verib.
Bildirildiyi kimi, “BuzzFeed News”, “Politico” və “Los Angeles Times” qəzetlərinin əməkdaşları da son günlərdə Trampla işləməkdən çəkiniblər.
Nəşr qeyd edib ki, redaktorların prezident administrasiyası ilə işləməkdən imtina etməsi Ağ Evin Müxbirlər Birliyini (WHCA) başqa jurnalistləri axtarmağa məcbur edib. “Ağ Ev müxbirlərinin təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar var”, – deyə “Times” qəzetinin Vaşinqton bürosunun rəhbəri Elizabeth Bumiller söyləyib.
Redaktorlar və jurnalistlər Ağ Ev rəsmilərinin prezident təyyarəsində tibbi maskadan istifadə etmədikləri üçün narahatlıq hiss edirlər. Onlardan bəziləri COVID-19-a yoluxduqdan və ya buna şübhə etdikdən sonra iki həftəlik karantin bitmədən işə qayıdıb. Verilən məlumata görə, iki həftə ərzində Air Force One təyyarəsində səyahət edən ən azı üç müxbirdə koronavirus aşkar edilib.