“2015-ci ilin büdcə layihəsində neftin bir barrelinin 90 dollardan nəzərdə tutulması bir qədər risklidir”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin sürətlə düşməsi Azərbaycanın Neft Fonduna təsirsiz ötüşməyəcək:
“2014-cü ilin dövlət büdcəsi hələ 2013-cü ildə müzakirə olunanda neftin qiymətini 100 dollar olaraq təsdiq etdik. 2014-cü ilin 7-8 ayında neftin qiyməti 110 dollardan aşağı düşmədi. Yalnız indi neftin qiyməti aşağı düşüb. Hazırda hesab edirik ki, bu rəqəm orta hesabla ilin sonunadək 100 dollar səviyyəsində qalacaq. Hazırda 2015-ci il üçün dövlət büdcəsi layihəsində neftin bir barreli 90 dollar nəzərdə tutulub. Əlbəttə, bu bir qədər riskli rəqəmdir. Mən təklif edəcəm ki, bu rəqəm 80-85 dollar səviyyəsində götürülsün. Çünki neftin qiymətindən və büdcənin gəlirlərindən ölkənin xərcləri də asılıdır. Ola bilsin ki, bəzi proqnozlara görə neftin qiyməti 60-70 dollara qədər düşsün. Bütün bunlara baxmayaraq, Azərbaycanın dövlət büdcəsinə, gəlirlərinə və Neft Fonduna ziyan vuracaq. Ancaq Azərbaycanın 53 milyard dollarlıq ehtiyatı var. İstənilən vaxt bundan istifadə etmək olar. Qəbul etdiyimiz sosial və hazırkı layihələr yerinə yetirilməlidir ki, dövlət büdcəsində, ölkənin sosial həyatında ciddi problemlər yaranmasın. Dövlət büdcəsinə Neft Fondundan transfer ötən il 9.3 milyard manat təşkil edirdisə, 2015-ci ildə 10.3 milyard manat təşkil edəcək. Yəni əlavə olaraq 1 milyard manat vəsait ayrılıb. Bu isə ona görədir ki, neftdən gələn gəlirlər az olduqda belə layihələr həyata keçirilsin. Neftin qiyməti orta hesabla 2015-ci ildə 80-85 dollar olacaq. Bu mənim subyektiv fikrimdir. Amma hökumət belə hesab edir ki, neftin qiymətinin 90 dollar səviyyəsində götürülməsi normaldır. Məsələnin hazırda komitədə müzakirəsi davam etdirilir. Hətta qərara müxtəlif dövlətlərlə qarşılıqlı əlaqə və ümumi müzakirələrdən sonra bir daha baxılacaq. Hələlik bu, təsdiq olunmamış rəqəmdir”.
Vahid Əhmədov neftin dünya bazarındakı qiymətinin enməsində Rusiya faktorunu əsas sayır:
“Son hadisələr göstərir ki, neftin qiymətindəki bu ani dəyişikliyin səbəbi Rusiyaya tətbiq olunan embarqo, sanksiyalarla əlaqədardır. Rusiyanın dövlət büdcəsi birbaşa neftdən asılı olduğundan Ukrayna hadisələri ilə bağlı olaraq müəyyən sanksiyalar tətbiq olunur ki, ölkəni iqtisadi baxımdan zəiflədərək yaranan siyasi problemləri aradan qaldırmaq mümkün olsun. Proseslər də istər-istəməz dünya neft bazarına təsir edir”.
Xatırladaq ki, hazırda dünya bazarında neftin qiyməti 83 dollardır.
Axar.az