10 C
Baku
Saturday, November 23, 2024

İpoteka şərtlərinin yüngülləşdirilməsi gecikir

Samir Əliyev: “Bu gün ipoteka üçün əsas problem ilkin ödəniş məsələsidir”

Hökumət 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz artırmağı planlaşdırır. Nəticədə gələn ildən sosial ipotekanın həcmi 50 milyon manat olacaq. Qeyd edək ki, sosial ipoteka üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı. Hazırda gündəmə gələn əsas məsələlərdən biri isə ipoteka kreditlərinin həjminin artırılması ilə yanaşı, onu şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Çünki mövcud şərtlər prosesdə maraqlı olan bir çox ailələri ondan faydalanmağa imkan vermir. Məsələn, sosial ipoteka 4 faizlə verilir. Mütəxəssislər isə həmin faiz dərəcəsinin iki dəfəyə qədər azaldılmasını təklif edirlər. Bundan başqa, ilkin ödəniş məsələsi də bir çox insanları bu kreditdən faydalanmağa qoymur. Adivə sosial ipoteka şərtlərinin dəyişdirilməsi isə uzun müddətdir, gündəmdəolsa da, onun reallaşması gecikir.

İqtisadi Tədqiqatlara Yardım İştimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, ayrılan vəsaitin azlığı sosial ipoteka verilişi şərtlərinin yüngülləşdirilməsinə maneə olur: “Büdcədən bu il sosial ipotekaya 40 milyon ayrılmasına rəğmən, hələlik 20 milyon manat xərclənib. Artıq ilin sonuna yaxınlaşırıq, ancaq sosial ipotekaya ayrılan vəsaitin ancaq yarısı xərclənib. Belə bir vəziyyətdə 25 faiz artıraraq, həcmin 50 milyon manata qaldırılması əslində, yaxşı haldır. Biz də sosial ipotekaya büdcə ayrılmalarının artırılmasının tərəfdarı olmuşuq. İndiki dövrdə bu istiqamətdə 300 milyon manatadək vəsait ayırmaq olar. Amma reallıq ondan ibarətdir ki, bu gün ipotekadan yararlananlar azdır. 2014-cü ildə cəmisi 1800-ə yaxın insan ipotekadan yararlanıb. İl ərzində, ümumiyyətlə, 2000-2500 insan ipoteka ala bilir. Təxminən bu istiqamət üzrə 100 milyon manata qədər pul da xərclənib. Büdcədən pul ayrılsa da, bu günün reallığı ondan ibarətdir ki, həmin vəsaitin hamısı xərclənmir. Ona görə ki, bir tərəfdən şərtlər ağırdır, insanlar ipoteka götürə bilmir. İkinci bir tərəfdən, Azərbaycanda ipoteka bazarının həcmi kiçikdir, ipoteka krediti ayırmaq üçün vəsaitlər də çox məhduddur. Ona görə qiymətləri bir qədər də ağırlaşdırırlar ki, əldə olunan kreditdən maksimum dərəcədə ehtiyatlı davranmaq mümkün olsun. İpotekanın aşağı, hətta faizsiz verilməsilə bağlı təkliflər dəfələrlə səslənib. Amma bildirirəm ki, bu qeyri-realdır. Bu gün ipoteka üçün əsas problem ilkin ödəniş məsələsidir. Öncə bu məsələ həllini tapmalıdır. İlkin ödəniş məsələsi həllini taparsa, artıq digər məsələlər barədə də düşünmək olar. İpoteka faizləri açığı bir o qədər də ağır deyil, düzdür, məsləhətdir ki, bir qədər də azaldılsın. Adi ipotekanı 8 faizdən, 4-ə, sosial ipotekanı da 4-dən 2 faizə qədər azaltmaq mümkündür. Yəni, bu istiqamətdə iki dəfəyə qədər azalma mümkündür. Lakin yuxarıda da qeyd etdiyim kimi öncə ilkin ödəniş məsələsi və sənədləşmə prosesi zamanı ödənişlər də aradan qalxmalıdır. Əmək haqqına münasibətdə şərtlər də yüngülləşməlidir. Əks halda, hər il 2500 insandan artıq adam ipotekadan yararlana bilməyəcək. Sosial ipoteka şərtlərinin dəyişdirilməsinin gecikməsi əsasən vəsait azlığı ilə bağlıdır. Faktiki olaraq, vəsait azdır. İpoteka Fondu üç mənbədən pul alır. Dövlət vəsaitindən, vaxtilə verdiyi kreditlərin geri qayıtmasından və Fondun istiqrazlarından. Hər ay 15-16 minə qədər insan bu yolla krediti qaytarır. Fondun yerləşdirdiyi istiqrazların illik faiz dərəcəsi 3 faizdir. Banklar da tövsiyyə və tanışlıqla bu istiqrazları alır. Bank 3 faizdən istiqraz alınca, gedib onu 10-15 faizdən verməklə daha çox qazanar. Digər tərəfdən, hökumət ipoteka kreditləşməsini daha çox aktivləşdirərsə, bu, bazarda qiymətlərin kəskin artmasına gətirib çıxara bilər. Hökumət yəqin ki, addım atarkən bu amili də nəzərə alır. Amma hər bir halda, bunların heç biri sosial ipoteka şərtlərini yüngülləşdirməkdən qaçmağa əsas vermir. Müşahidələrimizə görə, hər il 30-40 min ailənin yeni evə ehtiyacı yaranır. Ancaq bu fonda cəmi 2500 nəfərə ipoteka krediti vermək azdır. Hökumət bu məqamları nəzərə almalıdır”.

Şərtlərin yüngülləşdirilməsinin sosial ipotekaya ehtiyacı olan təbəqənin evlə təminatı məsələsinə nə vəd etdiyinə gəldikdə, ekspert bildirdi ki, əldə olan vəsait tez də qurtaracaq: “Axın bu halda güclü olacaq, verilməsi nəzərdə tutulan vəsait bitəcək və sonra da kredit verə bilməyəcəklər. Ona görə də bu istiqamətdə başqa alternativ mənbələrdən də istifadə edilməlidir. 7 ilə yaxındır ki, “Tikinti-əmanət bankları haqqında” layihə hazırlanıb. Amma hələlik qəbul edilməyib. Tikinti əmanət bankları yaradılmalıdır ki, insanlar onun xidmətindən istifadə edib, evlə təminatlarını həyata keçirə bilsinlər. Qanunvericilikdə sosial evlərin tikintisi də nəzərdə tutulub. Amma bunu da etmirlər. Yəni əhalinin ev təminatının gerçəkləşməsi üçün azı 3 mexanizm mövcuddur. Amma görünür, hələlik bunlar münasib bilinmir”.

Axar.az

Son xəbərlər
Digər xəbərlər