Ölkəmizdə rabitə və kommunal xidmətlər üzrə internet vasitəsilə aparılan qeyri-nəğd ödənişlərin sayı aydan-aya artmaqdadır. Hazırda rabitə və kommunal xidmət haqlarının internetlə ödənilməsi üçün “VİSA/VİSA Elektron” və “Master Card/Maestro” kartlarından istifadə olunur. Təəssüf ki, Respublikada Elektron ticarətin inkişafı üçün bu kartlardan geniş istifadə edilməsi mümkün olmur, belə ki banklar kartlarda olan məlumatların manual ötürülməsini tələb edirlər.
Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Golden Pay şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan -“Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırır. “Elekrton pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.
Bunun üçün “Elektron Hökumət” portalı (e-gov.az) və rabita.az saytlarında online ödəniş prosesində kartların seçimi zamanı siyahıda “VİSA/VİSA Elektron” “Master Card/Maestro” kartlarından başqa “Elektron imza kartı” da göstəriləcək. “Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.
“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosesinqi Məlumat Hesablama
Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərdən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosesinqə avtomatik ötürüləcək.