“Rabitəbank” ASC-nin aktivləri son üç ay ərzində 64.08 milyon manat, yəni, 7 faiz azalmaqla 862.01 milyon manata düşüb. Banker.az bildirir ki, bu barədə “Rabitəbank”ın 2020-ci ilin 3-cü rübü üzrə açıqladığı maliyyə hesabatında qeyd edilir. Bildirməliyik ki, 2-c rübün sonu aktivlərin həcmi 926 mln. manatı ötmüşdü.
Kommersiya bankının aktivlərindəki bu azalma səbəbi, üçüncü rüb ərzində (iyul-sentyabr) banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminin 193.33 milyon manat və ya 80% azalmaqla 48.57 mln. manat olmasıdır.
Belə ki, bankın müştərilərinə verdiyi kreditin həcmi 3% artmaqla 394.83 mln. manata yüksəlib. Burada, 103.33 mln. manat istehlak krediti, 223.44 mln. manatı biznes krediti, 64.75 mln. manatı əmlak krediti və 3.32 mln. manat isə “digər kreditlər” olmuşdur.
Aktivlərinə daxil olan əmlakının da həcmi son rübdə 0.5% kiçilməklə 19.76 mln. manat olub.
Şirkətlərin bankdakı depozitləri “əriyir”
“Rabitəbank”ın cəmi öhdəliklərinin həcmi iyul-sentyabr ayları ərzində 8 faiz azalaraq 582.32 mln. manata düşüb. Səbəb isə hüquqi şəxslərin (şirkət də demək olar) vəsaitlərinin bir hissəsini geri çəkməsidir.
Depozitlərin 229.07 mln. manatı fiziki şəxslərin əmanətləri və 353.25 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son üç ay ərzində banka fiziki şəxslərin yatırdığı əmanətin həcminin 1% artımı müşahidə edilsə də, şirkətlərin isə əksinə, 78.42 mln. manatını və ya 18 faizini geri çəkib.
Mənfəəti ikiqat düşüb
“Rabitəbank”ın faiz gəlirləri 10 faiz artmaqla 34.05 mln. manat, faiz xərcləri 13 faiz artmaqla 8.87 mln. manata, qeyri-faiz gəlirləri 36 faiz artmaqla 9.74 mln. manata və qeyri-faiz xərcləri isə 8 faiz artmaqla 21.38 mln. manat( burada əməkhaqqı xərclərinin 5 faiz azaltdığı müşahidə edilir) olub. Beləliklə bankın əməliyyat mənfəətinin həcmi 13.54 mln. manat təşkil edib. Burada 9.69 mln. manat problemli aktivlər üzrə ehtiyata ayrılıb və bankın ilin ilk doqquz ayı üzrə xalis mənfəəti 3.84 mln. manat olub. Ötən il bu rəqəmin 7.62 mln. manat olduğunu nəzərə alsaq, cari ildəki xalis mənfəətində bu ikiqat azalmadır
Bu xalis mənfəətdən sonra bankın illərdən yığılmış zərərin 8.81 milyon manata düşüb ki, bu da kapitalın 2.6% artımla 100.34 mln. manata yüksəlməsinə səbəb olub.