Azərbaycandakı kredit ittifaqları 2020-ci ilin yanvar-sentyabr aylarını 0.1 milyon manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə kredit ittifaqlarının zərəri 0.9 milyon manat olub. Belə ki, kredit ittifaqlarının zərəri bu il 9 dəfə azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir.
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ÇOXALIB
Bu ilin 9 ayında kredit ittifaqlarının cəmi gəlirləri 1.7 milyon manat, cəmi xərcləri 0.74 milyon manat olub. 2019-cu ilin 9 ayında isə kredit ittifaqlarının cəmi gəlirləri 1.8 milyon manat, cəmi xərcləri isə 0.8 milyon manat olub. Beləliklə, illik müqayisədə gəlirləri 0.1 milyonb manat azalıb, xərcləri isə 0.06 milyon manat artıb.
KREDİT PORTFELİ KİÇİLİB
Cari ilin üçüncü rübündə kredit ittifaqlarının cəmi aktivləri 15.5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0.4 milyon manat azalma deməkdir. 2019-cu ilin yanvar-sentyabr ayında isə kredit ittifaqlarının cəmi aktivləri 15.9 milyon manat olub. Kredit ittifaqlarının müştərilərə verdiyi kreditlər isə 13.7 milyon manat təşkil edib. Belə ki, kredit ittifaqlarının kredit portfeli 4.2% kiçilib.
KAPİTALI AZALIB
Azərbaycanda kredit ittifaqlarının öhdəlikləri 4.9% azalaraq 5.8 milyon manata, kapitalı isə 1% azalaraq 9.7 milyon manata düşüb. Ötən ilin analoji dövründə kredit ittifaqlarının cəmi öhdəlikləri 6.1 milyon manat və cəmi kapitalı 9.8 milyon manat təşkil edib.