®Kontakt Home mağazalar şəbəkəsi İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb. Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra hazırda anası Məktubə Baxışovanın himayəsindədirlər. Kontakt Home onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə hər övlada 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat məbləğində maddi yardım, eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərində istifadə üçün elektronika əşyaları hədiyyə edib.
Qeyd edək ki, Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. O, Qarabağ uğrunda gedən zəfər döyüşlərində qəhrəmancasına həyatını itirmiş ilk qadın şəhidimizdir.
Xatırladaq ki, “Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Şəbəkə döyüşlərdə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşların ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.
Bundan əlavə, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə birdəfəlik maddi yardım edib.
Kontakt Home həmçinin hazırkı döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir, hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır.