Dövlət Neft Fondunun (ARDNF) 2014-cü ildə Cənubi Koreyanın paytaxtı Seulda aldığı “Payn Avenyu A” qülləsini satması Fondun investisiya məkanı olaraq bu ölkədən çıxması anlamına gəlmir.
Banker.az bildirir ki, bunun Report agentliyinin sorğusuna cavab olaraq ARDNF-dən bildiriblər.
“Ofis tipli həmin qüllənin alınması ARDNF-in daşınmaz əmlak strategiyasından irəli gələn bir addım idi və burada məqsəd investisiya portfelinin valyuta tərkibinə Koreya vonunun timsalında yeni valyuta əlavə etmək olmayıb. Sadəcə olaraq bu investisiyanın Koreya vonunda ifadə edilməsi portfelin valyuta tərkibində adıçəkilən valyutanın yer alması ilə nəticələnib. Sözügedən investisiyanın ötən illər ərzində stabil gəlir gətirməsi və 2020-ci ildə əlverişli şərtlərlə satılması tam olaraq Fondun gözləntilərini qarşılayıb.
Hazırda ARDNF-in investisiya portfelində daşınmaz əmlaka və özəl səhmlərə investisiya edən pay fondları vasitəsilə Cənubi Koreyaya yatırılmış investisiyalar var, lakin sözügedən fondların hesabat valyutaları ABŞ dolları və avro olduğundan Fondun müvafiq hesabatlarında da onlar həmin valyutalarda əks olunur. Gələcəkdə ARDNF-nin investisiya strategiyası, maliyyə bazarlarında davam edən tendensiyaların ətraflı təhlili nəzərə alınmaqla Cənubi Koreyaya investisiyalarında müəyyən dəyişikliklər, habelə onların payının artırılması baş tuta bilər.
ARDNF-in investisiya fəaliyyəti aktiv növləri üzrə diversifikasiya olunmuş portfelin qurulmasına yönləndirilib ki, bu strategiyanın tətbiqi çərçivəsində də investisiya siyasəti ilə təsdiqlənmiş müvafiq valyuta tərkibi nəzərə alınır. İnvestisiya portfelinin valyuta tərkibində edilən dəyişikliklərə gəldikdə isə qeyd olunmalıdır ki, burada son dəyişiklik 2020-ci il üçün nəzərdə tutulmuş investisiya siyasətində öz əksini tapıb. Belə ki, avroda ifadə olunmuş aktivlərin payı 35%-dən 20%-ə qədər azaldılıb və müvafiq olaraq ABŞ dollarında olan aktivlər isə 50%-dən 65%-ə qədər artırılıb. ARDNF-nin investisiya portfelinin valyuta tərkibinin 5%-i ingilis funt sterlinqi və 10%-ə qədər hissəsini isə digər valyutalarda ifadə edilən aktivlər təşkil edir ki, Koreya vonu kimi valyuatalarda ifadə edilən aktivlər də məhz buraya daxildir. Hazırda yaxın gələcək üçün Fondun investisiya portfelinin valyuta tərkibi üzrə nisbətlərində də hər hansı bir dəyişiklik nəzərdə tutulmur”, – deyə Fond bəyan edib.