2007-ci ildə ABŞ-ın Minnesota ştatında barlarda siqaret çəkməyi qadağan edən tütün əleyhinə qanun qəbul edilir. Qış mövsümündə bara gələnlərin heç biri bardan çıxaraq şaxtalı havada siqaret çəkmək arzusunda olmadığından siqaret istifadəçiləri qış mövsümünü evdə keçirirdi. Bar və restoran sahibləri isə bu halda gəlir itirməyə başlayır. Lakin tezliklə qanunun belə desək “zəif nöqtəsini” tapırlar. Belə ki, qanuna əsasən qadağan edilmiş yerlərdə siqaret çəkərək o halda məsuliyyətdən azad edilə bilərdiniz ki, aktyorsunuz və rolunuza əsasən siqaret çəkməyə və tütün məhsulundan istifadə etməyə məcbursunuz.
Qanunda bu icazənin tək professional aktyorlara aid edildiyi və yaxud həvəskarlara da şamil edilib edilmədiyi dəqiqləşdirilmədiyindən yerli Barnacle barının sahibləri “teatr gecələri” təşkil etməyə başlayırlar. Burada barın bütün heyəti və bara gələn müştərilər bir anda aktyora çevrilir. Barın “teatr gecələri” təşəbbüsü tezliklə ştatın sərhədlərindən kənara da çıxır və ABŞ ərazisində populyarlıq qazanır.