Unibank təhsillə bağlı daha bir layihədə iştirak edir. 01-02 noyabr tarixlərində British Council Azərbaycanın təşkilatçılığı ilə Bakıda keçirilən növbəti “Education UK” sərgisinin əsas dəstəkçisi Unibank-dır. Hilton otelində təşkil edilən ‘Education UK – Birləşmiş Krallıqda Təhsil’ sərgisində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu iştirak edəcək ki, onlardan da 24 universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb. Sərgiyə qatılan 24 ali məktəbə qəbul olunacaqları təqdirdə Azərbaycan gəncləri bu universitetlərdə dövlət təqaüdü ilə təhsil almaq imkanı qazanacaqlar.
31 oktyabradək onlayn qeydiyyatdan keçə bilməyən şəxslər sərginin hər iki günü saat 11.00-dan 17.00-dək sərgi ərazisində qeydiyyatdan keçib sərgini ziyarət edə bilərlər. Tədbirin rəsmi açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiqinq və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt da iştirak edəcək.