Donald Trampın ən yaxın müşavirləri İranda uranın zənginləşdirilməsi üçün yaradılmış yeraltı zavoda zərbə endirməyin məqsədəuyğun olmadığına prezidenti inandıra biliblər.
Bu barədə “New York Times” qəzeti yazıb.
Qəzetin yazdığına görə, keçən cümə axşamı Tramp görüşlərin birində müşavirlərindən qarşıdakı həftələrdə İranın əsas nüvə obyektinə qarşı hərəkətə keçmək üçün seçimlərinin olub-olmadığını soruşub.
ABŞ-ın vitse-prezidenti Maykl Pens, dövlət katibi Mayk Pompeo və digərlərinin də daxil olduğu məsləhətçilər qrupu Trampı güc tətbiq etməkdən çəkindiriblər və prezidentlik müddətinin son həftələrində İran obyektlərinə endiriləcək zərbənin asanlıqla daha geniş qarşıdurmaya çevrilə biləcəyinə dair onu xəbərdar ediblər.
Qəzet qeyd edir ki, İrana endiriləcək zərbə Vaşinqtonla Tehran arasındakı münasibətləri o qədər zəhərləyəcək ki, Co Baydenin söz verdiyi İran atomu üzrə 2015-ci il razılaşmasını bərpa etmək çox çətin olacaq.