10 C
Baku
Thursday, December 12, 2024

“Status məsələsi yoxdur” fikrinin arxasındakı böyük məntiq! (bloq)

Bir neçə gündür erməni mətbuatını diqqətlə izləyir və beynimi qurcalayan bir neçə suala cavab tapmaq istəyirdim. Çox aydın cavablar aldım və uyğun nəticələr çıxartdım.

Paşinyan son müsahibələrinin birində belə bir etiraf etdi ki, “7 rayonun Azərbaycana qaytarılması məsələsi var idi. Biz həmin rayonların qaytarılmasına razılıq vermədik.  Müharibə yolunu seçdik. …Nəticənin belə olacağı bizim üçün gözlənilməz oldu”.

Deməli, Ermənistan düşünüb ki, Azərbaycan həmin rayonları müharibə yolu ilə qaytara bilməyəcək. Qurduqları istehkam və hərbi texnikaları qarşısında Azərbaycan böyük itki verərək geri çəkiləcək. Nəticədə Azərbaycan daha böyük güzəştləri etməyə məcbur olacaq. Əlavə olaraq, Azərbaycana güclü siyasi təzyiq olacaq (ilk növbədə Fransa tərəfindən). Ölkə daxilində də hansısa qüvvələr vəziyyətdən istifadə edib qarışıqlıq salar. Həm itkilər, həm cəbhədə məğlubiyyət, həm daxili gərginliklər, həm də siyasi təzyiqlər Azərbaycanı Qarabağ iddiasından çəkindirəcək (hələ daha uzağa gedən hesablamalara toxunmuram). Bu, Paşinyan və onun arxasında duran qüvvələrin hesablamaları idi. Azərbaycan bütün bu hesablamaları və riskləri bilirək, nəzərə alıb hesablayaraq Ermənistanın hər bir A variantına B və C variantları hazırladı. 2020-ci il ərzində (sentyabrın 27-dək) güclü beyin müharibəsi və illərlə görülən hazırlıqların son mərhələsi də uğurla tamamlandı.  Hər şey hesablanmışdı. Milli ruh, milli birlik nə dərəcədə olacaq, mövcud silahlar kifayətdirmi, ermənilərin güvəndiyi təxribatçılar kimlər ola bilər, təxribatlar necə ola bilər və sair. O cümlədən xarici siyasi təzyiq riskləri minimallaşdırıldı, yumşaldıldı.

Paralel olaraq, ermənilər bir neçə dəfə təxribata yol verərək Azərbaycanı qıcıqlandırır, xalqı və rəhbərliyi təhqir edir və müharibəyə təhrik edirdi. Bəli, müharibəni məhz Ermənistan istəyirdi və müharibə olarsa Azərbaycanın davam gətirə bilməyəcəyini düşünürdülər. Bu arada Azərbaycan səbrlə bütün yuxarıda qeyd etdiyim və etmədiyim variantları hesablayır, riskləri yumşaldır, tədbirlərini görürdü.

Nəhayət, 27 sentyabrda ermənilər növbəti təxribata əl atdılar. Cavab isə ermənilər daxil olmaqla heç kimin gözləmədiyi şəkildə möhtəşəm oldu və nəticələri ortadadır.

İndi isə bura qədər olan hissələrin nəticələrini faktlar əsasında ortaya qoyuruq. Deməli, Ermənistan rəhbərliyi özünün və havadarlarının bir neçə məkrli və xain niyyətlərini həyata keçirmək, Azərbaycan xalqını növbəti məğlubiyyətə düçar olarsa uzun müddətə və bəlkə də həmişəlik sındırmağa yönəlmiş niyyətlərini (o cümlədən, həmin məğlubiyyətdən sonra qəbul etdikləri hərbi doktrinanın müddəalarını həyata keçirməklə (Tərtər, Bərdəni işğal etməklə) Paşinyan qəhrəman olurdu) həyata keçirmək üçün müharibə yolunu seçdiyini etiraf etdi. Bu bir cinayətdir. Bu təkcə insanlığa, Azərbaycan xalqına qarşı deyil, həm də ermənilərin özlərinə qarşı cinayətdir. Təkcə 13000 nəfərə yaxın erməni əsgərinin məhv olması deyilir. Rəqəmin fərqi yoxdur. Olsun 4000-5000. Hər bir insan həyatı müqəddəsdir. Hər bir insan bir dünyadır. Bunu niyə vurğulayaraq qeyd edirəm? Paşinyana demokrat deyənlər (Fransa və digər ona bənzər dövlətlər daxil olmaql) bundan sonra demokrat kəlməsini işlədərkən bu kəlmənin hansı dəyərləri ehtiva etdiyini və həmin dəyərləri Paşinyanın necə tapdaladığını xatırlasınlar.

Deməli, bu qədər cinayətlərə gedən, siyasi korluq nümayiş etdirən, böyük riskə yol verən Paşinyan müharibə yolunu seçdisə, deməli nəticələrinə qatlanmalı, bedelini ödəməlidir. Mən tutar qatıq, tutmaz ayran prinsipi ilə müharibə edim, əgər Azərbaycan üstün olarsa (məhz bu variantı onlar 100% istisna edirdi), sonra status məsələsinə baxarıq. Yoxdur elə bir dünya. Məhz bu amilə görə Ali Baş Komandanımız dəfələrlə vurğuladı ki, status getdi, məhv oldu. Bu fikrin arxasında dərin məna, təkzibolunmaz faktlar və məntiq durur. Statusun məhv olması elə-belə təsadüfi məsələ və söz deyil. Yəni, statusun məhv olma yolunu Paşinyan seçdi. Müharibə yolunu seçən bedelini ödəməlidir. Risk etdi, alınmadı, uduzdu. Bundan sonrakı mərhələdə əsas amil də budur. Status məsələsi yoxdur.

Əslində Fransa ciddi siyasi səhvə yol verdi.

Paşinyan müharibə yolunu seçməklə daha çox digər dövlətlərə arxalanırdı. Hətta, dəfələrlə müsahibələrində “biz Rusiyasız da keçinərik” demişdi. Müharibə başladıqdan sonra güvəndiyi dövlətlərin ya neytral mövqe tutduqlarını, ya da haqqın yanında olduqlarını gördü və Fransanın da müdaxilə imkanlarının məhdudlaşdığını gördükdə həyasız erməni xislətini işə salaraq Rusiyaya yalvarmağa başladı. Paşinyan müharibənin elə ilk dövrlərində Fransanın uzun müddət demokratiya pərdəsi altında gizlətdiyi niyyətləri və əsl simasının üzə çıxmasına nail oldu. Əslində Fransa ciddi siyasi səhvə yol verdi. Azərbaycan isə həm siyasi, həm diplomatik, həm də hərbi cəbhələrdə səhvə yol vermədən hazırlıqlı uğurlu siyasətini mükəmməl həyata keçirərək böyük üstünlüklər əldə etdi. (Prezident İlham Əliyev ABŞ jurnalistinə “mən hazırlıqlıyam” ifadəsini nahaqdan işlətmədi).

Noyabrın 10-da Paşinyan sözün həqiqi mənasında yalvararaq və özünü tam alçaldaraq bəyanatı imzaladı. Bu bəyanat nəticəsində qalib olan Azərbaycanın sırasına Rusiya da daxil oldu. Yazının əvvəlində müharibədən öncəki dövrdə hansı intensivlik və gərginliklə beyin müharibəsinin getdiyini əbəs yerə qeyd etmədim. Həmin beyin müharibəsinin hazırda da davam etdiyini, məsələlərin davam etdiyini, hələ də Rusiya və Fransa kimi dövlətlərin Türkiyə və Azərbaycana qarşı bundan sonrakı mərhələdə daha yaxşı mövqe əldə etmələri uğrunda yarış gedir. Hazırda hər hansı uğursuz ifadə və fikir vəziyyəti gərginləşdirə bilər. O səbəbdən istənilən rəsmi şəxsin diqqətli olması, ona aydın olmayan, daha dəqiqi, hər hansı məsələdə Prezidentin mövqeyini bilmirsə, həmin suala cavab verməməyi çox önəmlidir. Prezidentin mövqeyi ilə fərqli mövqe ortaya qoyan hər hansı şəxs bunu bilməyərəkdən etdiyini isbatlaya bilməz. Hələ sakit sular altından dərin axınların getdiyini unutmamalıyıq. Amma, ermənipərəst qüvvələr də əmin olsunlar ki, Azərbaycanın yenə də məkrli, xain planlara qarşı öz tədbirləri, alternativ variantları və adekvat cavabları mövcud olacaq.

Daşnaksütun partiyasının yaranmasında Rusiyanın rolu böyükdür.

Nəhayət Rusiya-Ermənistan əlaqələri haqqında. Rusiya sülhməramlıları Qarabağa Ermənistanın xətrindən daha çox öz mövcudluğunu burada qorumaq üçün gəlmişdir. Bunu anlamaq üçün güclü siyasətçi olmağa ehtiyac yoxdur. Bunu siyasət həvəskarları da bilir. Amma, Rusiya ciddi risk qarşısında olduğunu gözəl anlayır. Rusiya bilir ki, Ermənistan əlinə düşən ilk imkanda Rusiyanın belinə bıçağı yenə saplayacaq. Necə ki, son 2 ildə bunu etdi. Rusiya bilir ki, Ermənistanın Rusiyaya qarşı ərazi iddiaları mövcuddur. Sadəcə olaraq, Rusiyanın indiki gücü bunu səsləndirməyə ermənilərə imkan vermir. (burada bir haşiyə çıxım. Daşnaksütun partiyasının yaranmasında Rusiyanın rolu böyükdür. Bu partiyanı Rusiya yaradıb, strategiyasını onlar cızıb, özlərinə qarşı istifadəsinə imkan verərlərmi mövqeyinə cavabım odur ki, bu strategiya çoxdan Rusiya və hətta Ermənistanın özünün dövlət siyasəti səviyyəsindən çıxıb və uzun illər boyu başqa dairələrdə təkmilləşdirilirdi). Rusiyanın bunu bilə-bilə sinəsində ilan bəsləməsi (öz sinəsində ilan bəsləmənin nəticəsini heç olmasa Azərbaycandan öyrənər) Rusiyanın dövlət maraqlarına deyil, Rusiyadakı ayrı-ayrı ermənipərəst dairələrin maraqlarına uyğundur. Bunu Rusiya rəhbəri də bizdən qat-qat yaxşı bilir. Rusiyanın qeyd etdiyim riski isə, erməni amilini Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışmaqla namərdə görə Azərbaycanı itirmək riskidir.

Yazının müəllifi: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər