Yaponiyanın Baş naziri Yoşihide Suqa avstraliyalı həmkarı ilə özünümüdafiə qüvvələrinin və Avstraliya silahlı qüvvələrinin birgə təlimləri üzrə geniş razılaşmaları əhatə edən paktla əlaqədar razılığa gəlib.
Bu barədə Y.Suqa Avstraliyanın Baş naziri Skott Morrisonla görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib. Y.Suqa əmin olduğunu deyib ki, tərəflər arasında milli təhlükəsizlik və müdafiə ilə əlaqədar əldə edilən bu razılaşma qarşılıqlı münasibətlərin inkişafına mühüm təsir göstərəcək.
S.Morrison isə öz növbəsində bildirib ki, Avstraliya və Yaponiyanın bu gün irəliyə doğru atdığı bu addım dövrün ən böyük müdafiə razılaşması olacaq. Baş nazir əlavə edib ki, Avstraliya Yaponiyanın razılaşmanın əldə olunması zamanı nümayiş etdirdiyi etibarı yüksək qiymətləndirir və ona hörmətlə yanaşır.