Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi işlərinə artıq başlanılıb.
Bunu açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib.
Onun sözlərinə görə, artıq bu boru kəmərinin genişləndirilməsinin ilkin mərhələsinə start verilib: “Bu layihə tam olaraq Avropa İttifaqının qanunvericiliyi əsasında tənzimlənir. TAP-ın genişləndirilməsi üçün boru kəməri Avropa İttifaqının qanunvericiliyinə əsasən müəyyən mərhələlər keçməlidir. Bu proses artıq başlayıb. Praktiki olaraq boru kəmərinin genişlənməsi ilə bağlı qərar gələn ilin ortalarına qədər veriləcəyi gözlənilir”.
M. Heydərov deyib ki, hazırda mövcud olan TAP-ın ötürücülük gücü Avropa Komissiyasının və tənzimləyici qurumların xüsusi qərarı ilə Avropa İttifaqının qanunvericilik təsirindən azad edilib.
O bildirib ki, boru kəmərinin növbəti mərhələlərdə ötürücülük güclərinin artırılması məsələsi Avropa İttifaqının qanunvericiliyi əsasında keçiriləcək hərraclar vasitəsilə müəyyən olunacaq: “Bu səbəbdən də hazırda biz bu boru kəməri ilə qazın nəqlinin artırılması barədə düşünmürük. Çünki, bu çox böyük prosesdir. Bu prosesdə də hər bir mərhələyə Avropa qanunvericiliyi ilə ciddi şəkildə riayyət ediləcək. Boru kəmərinin genişləndirilməsinin konkret ötürücülük gücü keçiriləcək hərraclardan sonra bəlli olacaq”.
O xatırladıb ki, hazırda ilkin olaraq TAP kəməri vasitəsilə İtaliyaya ilk mərhələdə 8 mlrd kubmetr, Yunanıstana 1 mlrd kubmetr, Albaniyaya isə 1 mlrd kubmetr Azərbaycan təbii qazının nəql edilməsi planlaşdırılır: “Sonrakı mərhələlərdə boru kəmərinin ötürücülük gücü 20 mlrd kubmetrə qədər artırılacaq”.
O, TAP kəmərinin genişləndirilməsinin maliyyələşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, bu da Avropa qanunvericiliyinə əsasən keçiriləcək hərracların və öncədən sifariş edilən həcmlərin nəticəsindən aslı olacaq: “Bunun nəticəsində də layihənin iqtisadi əsaslandırılması aparılacaq və detallı layihələndirmədən sonra layihənin genişləndirilməsinin büdcəsi müəyyən ediləcək”.
Xarici maliyyələşdirilmə məsələsinə toxunaraq M. Heydərov qeyd edib ki, bununla bağlı TAP hələlik qərar qəbul etməyib.
Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.