Gələn il Trans-Anadolu qaz kəməri (TANAP) ilə 12,2 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır.
Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, Türkiyə və Avropa üçün nəzərdə tutulan qazla birlikdə qaz kəməri ilə gələn il 12,2 mlrd. kubmetr qazın nəqli gözlənilir. TANAP-la qazın tam gücü ilə nəqli (16 mlrd. kubmetr) 2022-ci ildə mümkün olacaq.
- Düzyol onu da qeyd edib ki, TANAP kommersiya məqsədli qazın Avropaya nəql etmək üçün tam hazırdır.
Konsorsium rəsmisi istifadəyə veriləndən TANAP-la Türkiyəyə 7,5 mlrd. kubmetrdən çox qazın çatdırıldığını da vurğulayıb.
Hazırda TANAP-ın illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmərin nəqletmə gücü 31 mlrd. kubmetrədək artırıla bilər.
Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu il Trans-Adriatik qaz kəmərinin (TAP) işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.
“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.