9 C
Baku
Thursday, December 12, 2024

Almaniyada şirkət rəhbərliyində qadınların sayını artırmaq üçün kvotalar tətbiq ediləcək

Almaniya parlamenti şirkətlərin rəhbərliyində qadınların sayını artırmaq üçün müəssisələrə qarşı məcburi kvotalar tətbiq edəcək.

Banker.az bu barədə xarici KİV-ə istonadən xəbər verir.

Yeni qaydalara görə, bundan sonra hər müəssisənin direktorlar şurasına ən azı bir qadın daxil olmalıdır.

Qeyd edək ki, kvotaların tətbiqi qərarı Almaniyanın Sosial-Demokratik Partiyası və kansler Angela Merkelin rəhbərlik etdiyi hakim blokunun üzvləri tərəfindən qəbul edilib. Səlahiyyətli orqanlar, idarə heyəti üç və ya daha çox nəfərdən ibarət olan şirkətləri rəhbərliyə ən azı bir qadını götürməyə məcbur edəcəklər.

Çoxları bu təşəbbüsü “gender bərabərliyinə doğru böyük bir addım” kimi qəbul etsə də, böyük biznes bununla bağlı öz narahatlığını bildirib. Şirkət nümayəndələri hesab edirlər ki, qadınlar üçün məcburi kvotanın müəyyən edilməsi şirkətlərin daxili işlərinə müdaxilə etmək deməkdir.

Ekspertlərin fikrincə, yeni qayda idarəetməsinin əhəmiyyətli payı dövlətə məxsus olan şirkətlərə daha çox təsir göstərəcək. Belə ki, alman hökuməti bu cür təşkilatlara nəzarət şuralarında yerlərin ən azı 30%-ni qadınlara verməyə məcbur edəcək.

Üstəlik, qadın kvotaları səhiyyə, pensiya və sığorta sahələrində fəaliyyət göstərən dövlət qurumlarında da tətbiq ediləcək. Yeni qaydalar yaxın aylarda qüvvəyə minəcək.

“AllBright” fondunun məlumatına görə, alman şirkətlərinin direktorları şurasında qadınların payı cəmi 12,8% təşkil edir ki, bu da digər ölkələrə nisbətən xeyli azdır. Belə ki, ABŞ-da bu göstərici 28,6%, İngiltərədə – 24,5%, İsveçdə – 24,9% təşkil edir.

Xatırladaq ki, daha əvvəl “Heidrick & Struggles” işə qəbul agentliyi pandemiyadan sonra qadınların rəhbər vəzifələrə dörd dəfə daha az təyin edildiyini bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər