“Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycana müəyyən qədər təsir edəcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov dünya bazarında neftin qiymətinin sürətlə düşməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi ölkənin mənafelərinə ziddir:
“Azərbaycanın nəinki dövlət büdcəsinə, Neft Fonduna gələn gəlirləri də bir qədər azalacaq. Azərbaycanın dövlət büdcəsinin təxminən 11%-i birbaşa neftdən gələn gəlirlərdən asılıdır. Çünki 53%-i dövlət neft fondundan transfer edilir, 35%-i qeyri-neft sektorudur, 11%-i neftdən əldə olunan 2 milyard gəlir təşkil edir. Amma çox ciddi problemlər olmasa da, müəyyən qədər təsir edəcək. Milli Məclisdə neftin bir barrelinin 80 dollardan götürülməsi məsələsinə baxılacaq. Hətta neftin 1 bareli 90 dollardan nəzərdə tutulsa belə, bu, bizdə elə də ciddi problemlər yaratmayacaq. Çünki 53 milyard dollarlıq ehtiyatımız var. İstənilən vaxt bundan istifadə edə bilərik. Düzdür, dövlət büdcəsi Neft Fondundan asılıdır”.
Sözügedən məsələ ilə əlaqədar iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, Yaxın Şərq ölkələri kimi Azərbaycanda da neftin 1 barelinin 80 dollar hesablanması real olardı:
“2015-ci il üçün dövlət büdcəsində ilkin layihə olaraq neftin 1 bareli 90 dollar nəzərdə tutulub. Bu gün Yaxın Şərq ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında neftin 1 bareli 80 dollar olaraq nəzərdə tutulub. Bizdə də bu cür nəzərdə tutularsa, büdcənin daha real olmasına gətirib çıxarar. 2015-ci ilin dövlət büdcəsi üçün neftin 1 barelinin 90 dollar nəzərdə tutulması büdcə gəlirlərinə təsir edəcək. Ancaq gəlirlərdə ciddi azalmaların olacağı proqnozlaşdırılmır. 2015-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 53.4%-i birbaşa Dövlət Neft Fondundan transferlər hesabına formalaşdırılacaq. Bu o deməkdir ki, 53.4% artıq təmin olunmuş gəlirlərdir. Eyni zamanda, gəlirlərin 35%-i qeyri-neft sektoru hesabına formalaşacaq. Dövlət büdcəsinin qeyri-neft və Dövlət Neft Fondu ilə birlikdə təmin olunmuş ümumi gəlirləri 89% təşkil edir”.
Ekspert bildirib ki, dövlət büdcəsinin gəlirlərinin 19 milyard manat olacağını nəzərə alsaq, bunun yalnız 2 milyard manatı 2015-ci ildə birbaşa neftin dünya bazarındakı qiyməti ilə əlaqəlidir:
“Bu baxımdan dünya bazarında neftin orta qiymətində azalmalar olarsa, 2 milyard manatın formalaşması ilə bağlı çətinlik yarana bilər. Maliyyə Nazirliyi büdcə sistemi haqqında qanuna uyğun olan bəzi xərclərə sekvestr (xərclərin azalması) tətbiq edə bilər. Bu, əsas sosial xərclərə şamil olunmayacaq. Çünki bunlar müdafiə olunan xərclərdir. Yəni neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, 2015-ci il üçün əhəmiyyətli pensiya və sosial xərclərin ödənilməsində problem yaşanmayacaq. Amma təhlükəli vəziyyətdə sənaye və tikinti xərclərinə sekvestr tətbiq edilə bilər. 2015-ci ilin xərclərinə yenidən baxılması və dəyişikliklərin edilməsi də mümkündür”.
Axar.az