Hər bir sahə üzrə ən yüksəklərə nail olmuş insanlar – klassiklər var. Oğurluqda isə belə bir şəxs keçən əsrin 20-ci illərində Nyu-York polislərinin dəhşətinə çevrilmiş – Artur Berri idi. Sahib olduğu istedad ilə o, istənilən sahədə uğur qazana bilərdi, lakin o insanların dəyərli əşyalarını oğurlamağı tərcih etmişdi.
Berri qiymətli daşlar üzrə ixtisaslaşmışdı: o pul oğurlamırdı və qızıl üzərindən qiymətli daşları çıxardıqdan sonra qızılı tullayırdı. Etdiyi bütün oğurluqlar zamanı o bir dəfə də olsun silahdan istifadə etməmiş və belə desək öz “müştərilərinə” güc tətbiq etməmişdi. Onun “ziyarəti” zamanı ev sahibləri evdə olduqda, zamana qənaət etmək üçün o onların özündən daş-qaşları gətirməyi xahiş edirdi və yalnızca varlı və nüfuzlu insanları qarət edirdi. Bununla yanaşı o “oğru-centlmen” statusuna malik idi. Belə ki, o hər zaman qiymətli daşların kataloqu ilə tanış olur, ziyafətlərə gedir və varlıların evlərinin quruluşu və siqnalizasiya sistemi ilə tanış olurdu. Kübarların bir ziyafəti zamanı o Uels Şahzadəsi ilə qarşılaşır və gələcək monarx ilə onun qohumları barədə bir neçə saat söhbət edir. Bu ziyafətdən bir neçə gün sonra isə kral ailəsi nümayəndələrinin 150 min dollarlıq zinət əşyaları yoxa çıxır. Bununla yanaşı Artur Berri ciddi şəkildə qorunan Rokfeller malikanəsini də qarət etməyi bacarır.
Birinci Dünya Müharibəsi zamanı Berri özünə istirahət təşkil edir. Bu zaman o qırmızı Cadillac-a və şəxsi sürücüyə sahib idi. Öz gəlirinin böyük bir hissəsini isə qadınlara xərcləyirdi və bu qadınlardan biri onu qısqandığı üçün polisə təslim etmişdi. Bu zaman Berriyə 25 il həbs cəzası verilmişdi, lakin həbsxana onun üçün darıxdırıcı idi. Dahi oğru silah saxlanılan əraziyə daxil olub, gözətçini zərərsizləşdirdikdən sonra məhkumları silahla təmin edərək qiyam qaldırmışdı. Yaranmış qarma-qarışıqlıqdan istifadə edərək o türmədən qaçmağı bacarır. Buna baxmayaraq, üç ildən sonra o yenidən polis tərəfindən ələ keçirilir və aldığı cəzanı sonuna qədər yaşamalı olur. Həbs müddətini başa vurduqdan sonra o balaca bir şəhərcikdə məskunlaşır və öz keçmişinə baxmayaraq burada böyük hörmətlə qarşılanır və müharibə veteranlarının yerli təşkilatının rəhbəri seçilir.
Həyatının sonunda ondan ən çox məbləğdə kimi qarət etdiyi barədə soruşurlar. Artur Berri düşünərək belə cavab verir: “Özümü. Mən ya birjaçı, ya müəllim, ya da uğurlu biznesmen ola bilərdim. Mən çox şeyə nail ola bilər və həyatımın 30 ilə yaxın ən gözəl illərini həbsdə keçirmədən cəmiyyətə daha çox xeyir verə bilərdim”.